“Beatles” (“Bitlz”) qrupunun musiqisi bizim nəsildən olan insanların çoxu kimi mənim də ruhumu oxşayır, çünki yeniyetməliyimi, gəncliyimi, o dövrdə gördüyüm adamları, olduğum yerləri xatırladır. Bir dəfə televiziyada “Beatles” haqqında silsilə müziklə baxdım. Film qrupun tarixçəsini onun “üzvlərinin” təhkiyəsində təqdim edirdi. Seriallardan birində Pol Makkartninin nəql etdiyi bir hadisə məndə çox güclü təəssürat oyatdı.
Bu hadisə “Beatles” qrupunun Nyu-Yorkun Şey stadionuna 50 minlik fanat ordusu toplaması ilə başlayan ikinci Amerika turundan sonra baş vermişdi. Onda “Beatles” üzvləri artıq müntəzəm qastrol səfərlərindən yorulmuşdu. Qrupun sonuncu konserti isə ondan bir il sonra – 1966-cı il avqustun 29-da San-Fransiskonun Kəndlstik-Park stadionunda keçirilmişdi.
Qrup üzvləri Pol Makkartni, Corc Harrion və Rinqo Star bir masa arxasında əyləşib söhbət edirdilər. Qastrol səfərlərinə son qoymaq qərarlarının səbəblərini açıqlayırdılar:
– Biz bir qrup kimi getdikcə zəifləyirdik, fanatlarımız isə ara vermədən çığırırdı, – Pol dedi. – Əlbəttə, onların bizi sevməyi yaxşı haldır, amma biz öz səsimizi eşidə bilmirdik.
Bu cümlələr məni ildırım kimi vurdu. Onlar öz musiqilərini eşitmirmiş. Onda isə musiqi mənasını itirmiş. Ona görə studiyaya qayıdıb o musiqini, itmiş səsləri tapmağa çalışmışdılar.