100 yerdən peyvənd et, 100 yerdən cala,
Cır öz kökü üstə cır qalacaqdır.
Almağı ucaltsan, uca dağ kimi,
Yeri gələn kimi alçalacaqdır.
Brilliant olsa da qarğa yuvası
Adı ki qarğadır, nədir mənası
Meydanda tək qalsa laçın balası
Yenə laçın kimi vuruşacaqdır.
Atı at eyləməz qızıldan yəhər
İlan da torpaqdan götürür zəhər
Min illər xaraba qalsa bir şəhər
Yenə şəhər olub, ucalacaqdır.
Səfər, insan kimi sevdin insanı
Bəs bundan əzəlki insanlar hanı?
Zaman əlindəki öz kamanını
Hey çalıb, hey çalır, hey çalacaqdır.