İlk dəfə idi ki, Jean-Paul Sartre-nin qələmi ilə tanış olurdum və bu qısa, lakin dərin məzmunlu əsər mənim üçün böyük bir heyranlıq yaratdı. Sineklər yalnız qədim Yunan mifologiyasına əsaslanan bir faciə deyil, həm də Sartre-nin ikinci dünya müharibəsi dövründəki siyasi və fəlsəfi mövqeyinin simvolik ifadəsidir.
Əsərdə Fransa nasist Almaniyası tərəfindən işğal altındadır. Rəsmi senzura var idi, amma Sartre əsəri elə simvolik şəkildə yazır ki, ad çəkmədən müqavimət çağırışı edir. Burada:
• Arqos şəhəri – İşğal altındakı Fransanı,
• Aegistosun zalım rejimi – Fransada almanlara işləyən hökuməti,
• Sineklər – Nasistlərin xalq üzərində yaratdığı ruhi və sosial basqını,
• Zeus – Avtoritar gücü,
• Orest – Azad insan simvolunu təmsil edir.
Bundan əlavə danışılmağa dəyər obraz Elektradır. Bunun əsas səbəbi Sartre-nin qadınları romantik və ya passiv göstərməyə meyilli olan klassik dramdan fərqli olaraq, Elektranı daxili çarpışma yaşayan, lakin yenə də passiv qalan bir obraz kimi təqdim etməsidir. O, ümumən passiv cəmiyyətin metaforasıdır – dəyişmək istəyən, amma qorxudan susan insanları təmsil edir.
Əsərdə həmçinin Klitemnestra – keçmiş günahları gizlədərək xalq üzərində qorxu və vicdan əzabına əsaslanan hakimiyyət qurmuş zalım fiqur kimi təqdim olunur. Onun öldürülməsi Orestin sadəcə şəxsi qisası yox, həm də köhnə rejimin dağıdılması anlamına gəlir.
Müəllim obrazı isə azadlıq və həqiqəti bilən, lakin onu ifadə etməkdən qorxan, passiv ziyalılığın simvoludur. O, hərəkət etməsə də, Orestin oyadılmasında vacib bir rola malikdir.
Nəhayət, Orestin seçimi – hər şeyi dərk edərək günahı və nəticələrini üzərinə götürməsi olur.