Onlar özlərini heç bir zaman heç bir dumanlı zehni yaxud mənəvi və əxlaqi suallarla bərkə çəkmirdilər; buna görə də həmişə sağlam, şən və fərəhli olurdular, buna görə də orada çox yaşayırdılar; qırx yaşlı kişilər gənclərə oxşayırdılar, qocalar çətin, əzablı bölümlə mübarizə etməyib, qeyri-mümkün bir yaşa qədər yaşayıb, sanki gizlincə, sakitcə soyuyub, sezilmədən son nəfəslərini çəkir və ölürdülər. Buna görə də deyirlər ki, keçmiş vaxtlarda insanlar möhkəm idilər.
Yaşa dolmuş İlya İliç dünyada bal və süd axan çayların mövcud olmadığını, mərhəmətli sehrbaz qadının mövcud olmadığını sonralar biləcəksə də, dayənin nağıllarını dinləyib, onlara gülürsə də, lakin bu gülüş səmimi bir gülüş deyildir, o, güldükcə gizli-gizli köksünü ötürür: nağıl onun təsəvvüründə həyatla qarışır və o çox zaman: axı nə üçün nağıl həyat, həyat isə nağıl deyildir, - deyə qeyri-şüuri olaraq kədərlənir.
«Bu necə həyatdır! Bu paytaxtın hay-küyü nə murdardır! Arzusunu çəkdiyim cənnət həyatı bəs nə zaman nəsib olacaq? Tarlalara, doğma meşələrə nə zaman gedə biləcəyəm?» deyə o düşünürdü. «Nə olardı indi göy otun üstündə, ağacın altında oturub, budaqların arasından günəşə tamaşa eləyə-eləyə, budaqlara neçə dənə quş qonduğunu saya biləydim. Bu zaman isə sənin üçün, yalın, totuq-motuq və yumşaq dirsəkləri, günəşdən yanmış gərdəni olan qırmızıyanaq qulluqçu qız nahar, gah da səhər yeməyi gətirib otun üstünə qoyur, şeytancığaz qız bic-bic baxıb gülümsəyir... Görəsən, belə bir vaxt nə zaman olacaq?..»