Bir halda ki, dünyada bu cür adilik var idi və bu adilikdə bu cür doğmalıq, gözəllik var idi, onda nə üçün insan mürəkkəblik axtarmalıdı? Günlərin bir gözəl günü insan başa düşəcək ki, bilə bilə, yoxsa yox, amma bütün ömrü boyu mürəkkəblik axtarıb, hər şeydə bir mürəkkəblik görüb, əslində isə, ən böyük müdriklik elə dünyanın adiliyinin özündə imiş.
Necə olurdu ki, bu torpaqda doğulan, eyni ayın, günəşin, ulduzların altında bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda bilir, bir-birini döyə bilir, söyə bilir? Nə üçün Qabil Habili öldürə bildi və sonra da o cür peşman oldu? Necə oldu ki, belə bir günəşin altında, belə bir torpağın üstündə qardaş qanı axıdan o paxıllıq əmələ gəldi?
..çünki təbiətdə ki, bu qədər rəng var idi, təbiətdə ki, bu qədər saflıq var idi, günəş ki, torpağı bu cür qızdırırdı, torpaq ki, bu cür geniş idi, yaşamaq gözəl idi.