Adam bolluğunda elə boğuluram hərdən,
Qaçmaq istəyirəm evdən, şəhərdən
Qohumdan, dostdan, tanışdan.
Özümün özümlə o qədər söhbətim var,
Əgər vaxt tapıb danışsam.
Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən,
Sən mənim sonuncu məhəbbətimsən.
Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım, danışım, küsüm,
On yeddi yaşında cavanlar kimi.
Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.
Səni hər görəndə çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü –
Yaş o yaş deyil ki… heyif ki, deyil...
Gözümün işığına hər kirpik bir yük olur. Gecə yaman uzundur.
Bəzən bir ömürdən də bir gecə böyük olur. Gecə yaman uzundur.
Xəyallar şirin-şirin,
Xəyallar acı-acı,
Gecə yaman uzundur.
Qəlb vüsalın möhtacı,
Göz yuxunun möhtacı,
Gecə yaman uzundur.
İndi yəqin yuxuda
Xumar-xumar gülürsən,
Eh... sən hardan bilirsən
Gecə yaman uzundur.