Yazıda spoyler yoxdur.
Mənasız yol yoldaşı
Əvvəlki yazılarımın birində qeyd etdiyim kimi, Qdansk soyuq, rütubətli və depressiv yerdir. Əgər siz hər gün on iki saat işləyirsinizsə, bu depressivliyin dozası daha da artır, pessimizm isə adamı udur. Sən mübarizə aparıb həmin pessimizm girdabından çıxmaq istəyirsən, amma hər cəhdində daha da batırsan.
İnsan kimi qalmaq belə məqamlarda fövqəladə güc tələb edir. Bəs mən nə edirəm? İki saat sürən uzun yolda kitab oxuyur, işdə isə musiqi dinləyirəm. Çıxış yolu budur. Qulaqcıq və kitabı evdə unudanda isə sadəcə papağımı gözümə çəkib mürgü döyürəm.
Axırıncı yol yoldaşım Qaraqanın "Art və Xaos" romanı idi. Hər gün bir az vərəqləyir, diqqətimi çəkən hissələrin altını xətləyir, başımı avtobusun soyuq şüşəsinə söykəyib fikrə gedirdim. Böyük həcmli olsa da, hər gün az-az oxuyub bitirə bildim.
Kitabın tənqidinə keçməzdən qabaq istəyirəm Qaraqan barədə ötən paylaşdığım "Qaraqan niyə özünə hörmət etmir?" adlı tənqidi yazımın özünü tənqid edim.
Əvvəla, həmin yazının adı yersiz radikal olub. İndi yazsam, başqa ad seçərdim, yəqin. Qaraqana qarşı isə ona görə tənqidi mövqedəyəm ki, onun dediyi hər söz, atdığı hər addım şəxsilik sərhədindən çoxdan çıxıb və onu sevən, ilahlaşdıran kütlənin düşüncələrinə və hərəkətlərinə istiqamət verir.
Qaraqanın onu sevən gəncliyə vurduğu ən böyük zərbə etiraz duyğusunu onların normativləri ilə uyuşmayan şeylərə - əxlaqsızlığa, dinsizliyə, cəmiyyətin cahilliyinə və bu qəlibdən olan şeylərə yönləndirməsi idi. Sadaladıqlarımın içində mübarizə aparılmalı olan tək şey cəhalət olsa da, məncə, Qaraqan da cəhalətin nədən qaynaqlandığını çox gözəl bilir. Əxlaqsızlığa gəlincə, bu, geylərin, lezbianların efirlərə çıxması, fahişəliyin tüğyan etməsi, qeyrətin əldən getməsi yox, günahsız insanların işgəncələrə,