Hamımız sədaqət istəyirik. Cenevrənin gözəlliklərinin ləzzətini birgə almaq üçün kitablar, müsahibələr, filmlər haqqında danışmaq, ya da ikimizə bəs eləyəcək qədər pulumuz olmadığından bircə sendviçi yarı bölmək üçün belə, yanımızda bir adam istəyirik. Bütöv bir sendviçi yeməkdənsə, yarısını yemək daha yaxşıdır.
Güzgüyə baxıb özlərini çirkin hesab eləyən, əsl vacib olan yeganə şeyin “gözəl olmaq” olduğuna inanan və səhifələrində hamının gözəl, varlı, məşhur olduğu yazılan jurnalları oxuya-oxuya vaxt keçirən adamlar var. Qədimlərdəki kimi, süfrə arxasında söhbət eləmək istəyən ər-arvadlar var. Amma həmişə diqqət yetirməli olduqları başqa, daha vacib şeylər var, həmişə söhbət heç gəlib çıxmayan sabahı gözləyən söhbətləri var.
Amma bu fikrə qapılmamağa, həmin o məqamdan ləzzət almağa çalışdım, müəyyən ardıcıllıqla heç kəsin bizim mövcud olub-olmadığımızla maraqlanmasından, həyatla bağlı dediklərimizin kimsənin vecinə olmamasından, bizim münasibətsiz varlığımız olmadan da dünyanın fırlanmağa davam eləyəcəyini bilməkdən daha pis bir şey olmadığını düşünməyə çalışdım.