Gönderi

184 syf.
9/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
- S p o i l e r -
Ah, Gatsby... Bu ifadənin eynisini ən son Martin üçün istifadə etmişdim. Personaj olaraq olmasa da, həyat xətləri necə də oxşar obrazlardır. Əsəri oxumazdan əvvəl də Martin İdenlə müəyyən bənzərlikləri olduğunu eşitmişdim. Ən birincisi, iki bu qədər əzmli obraz daha oxumamışam. Hər ikisini gücə gətirən mühərrik və motivasiya, yenə də o müqəddəs məfhumdan başqası deyil; Sevgi. Sevdikləri insan və sevgiləri arasında uçurumlar olan, saf hissləri qarşılığında tək əldə etdikləri bir ovuc xəyal qırıqlığı olan bu personajları müqayisə etməmək mümkün deyil. Onların ağrısını öz ağrınız kimi hiss edirsiniz, bəzən Gatsby-nin situasiyasında çəkilmiş əziyyətlərin heç nəyə dəymədiyini fərq etmədikləri üçün qınaya da bilmirsiniz. Martin İden-dən fərqli olaraq, Gatsby gələcək idealı adı ilə keçmişin xatirələri və arzuları ilə yaşayırdı. Artıq illər keçmiş, qərarlar verilmiş, olan olmuşdu. Əsər boyu bu gerçəyi rədd edən Gatsby-ə əsəbiləşə də bilmirsiniz, çünki sevdiyi insandan da o ümid yerini görür. Bəlkə Daisy daha qərarlı biri olsaydı, qəbullanmağı bacarardı. Daisy-nin xüsusi vurğulanacaq bir özəlliyi olduğunu düşünmürəm. Hissləri və məntiqi arasında qalan, qərarsızlığı ilə özü ilə hər kəsi bataqlığa çəkən, eqoist insan tipidir. Əgər əlimizdə olan bir şey haqda qəti fikrimiz yoxdursa və tərəddüd ediriksə, başdan bunun üçün heç bir addım atmaq lazım deyil. Daisy bir az eşq macərası yaşamaq, keçmişə qayıdıb bir müddət orda qalmaq uğruna Gatsby-ni barmağına dolamaqdan çəkinmədi. Onun, ümumiyyətlə, Tom-dan ayrılmaq kimi bir fikri olmamışdı, bu sadəcə Gatsby-nin təzyiqləri ilə yaratmaq istədiyi bir dəyişiklik idi. Daisy bu dəyişikliyə hazır deyildi. Əsəri oxuyarkən niyəsə tam təsəvvür edə bilmədiyimi düşündüm. Niyəsə hissəsi ilə maraqlandığımdan, digər insanların rəylərini oxudum. Onlar bunu Fitzgerald-ın yazmaq tərzi ilə əlaqələndirdilər, mən də haqq verdim. Lakin filmini izlədikdən sonra fikirlərim tamam başqa yöndə dəyişildi. Niyə? Əvvəlcə filmi çox bəyənməyimə baxmayaraq 9/10 balla dəyərləndirməyimin səbəbini izah edim. Vizual effektlərə həddən artıq yer verilmişdi, bəzi hissələrdə cizgi film izləyirmiş kimi hiss etdim. Amma necəsə filmə baxanda kitabdakı hər şeyi tam təsəvvür edə bildiyimi fərq etdim. Sadəcə, həqiqətən, yazarın tərzi fərqli idi. Fikrimcə, yazarın qələmi filmlərə uyğunlaşdırılıb səhnələşdirmək üçün münasibdir. Əslində hamımızın yolunu gözlədiyi bir yaşıl işığı ola bilər. Ümidlə qarşısında yuva qurduğu, əlini uzatdığı, yolunu gözlədiyi bir yaşıl işıq. Bəlkə də, ona əlimiz çatdıqdan, o işıq maddiyyata büründükdən sonra digərlərindən heç bir fərqi qalmayacaq, o qədər də özəl olmadığını kəşf edəcəyik. Bir zamanlar həmin ümidi cücərdib qorumağı bacarsa belə, keçmişə nə qayıda bilərik, nə də qaytara. Çünki adı üstündə, keçmiş, keçmişdir və bitmişdir. Nöqtə qoyulmuş, səhnənin pərdələri bağlanmışdır. Açılsa belə, orada heç kəs tapılmayacaq. Gatsby-nin həsrətlə əlini uzatdığı o yaşıl işıq, göydəki ulduzlar qədər əlçatmaz idi. Bu halda insana qalan tək bir seçim var; qəbullanmaq və yola davam etmək. Əks halda, ayaqlarımızın bizi aparacağı ünvan sonu olmayan bir yoldan, uçurumdan başqa yer olmayacaq.
Muhteşem Gatsby
Muhteşem GatsbyF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202221,2bin okunma
·
68 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.