Gönderi

Ən çox sevdiklərimdən...
Rəsulzadənin həzzi (dərdi) və xalqı haqqında Maarifçilər niyə bu qədər yazıb-pozur, əlləşib-vuruşur, xalqlarını xoşbəxt görmək istəyir? Məsələn, elə sosial şəbəkələrdə aktiv olan ziyalılarımız, niyə havayı-kalan belə canfəşanlıq edir? Çünki onlar yaxşı başa düşür ki, xoşbəxt yaşamağın yolu xoşbəxt cəmiyyətdə yaşamaqdan keçir – tək xoşbəxt olmaq olmur. Məsələnin başqa bir tərəfi isə odur ki, gərək düzünü deyəsən, maarifçilik işi ləzzətlidir, qəşəngdir, mənalıdır. Xüsusi həzz olmasa kim girərdi belə məsuliyyətli işin altına? Özün üçün yaşamağın bir həzzi varsa, Çe Gevara, Gandi, Rəsulzadə, Zərdabi, Şəriəti... olmağın da başqa, daha dərin bir həzzi var. Sən nə üçün hər gün səhər oyanıb gecə yatdığını (bu zəhmətli işi hər gün niyə təkrarladığını) bilmirsənsə, onlar bilir, axı qarşılarında çox möhtəşəm bir amalları var: xalqı xilas etmək! Gözəldir, əzizim, adama qəfil "neyçün yaşayırsan?" sualı veriləndə konkret və aydın cavabının olması çox gözəldir. Bir də var deyəsən "nə bilim, yaşıyırıq da, görək nolur". Siz elə bilirsiz inqilabçılar, solçular, maarifçilər, ictimai xadimlər etdikləri işdən, tutduqları yoldan həzz almırdılar? Yanılırsız. Onlar bu işlərdən heç birimizin heç nədən ala bilməyəcəyimiz xüsusi həzlər alır, bəzən hətta mənəvi katarsiz yaşayırdılar. Min-bir əzab-əziyyət çəkirdilər, fəqət axı bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir. Sitat: “bəzi əziyyətlərin verdiyi ləzzət misilsizdir”. Bəlkə elə ona görə də onlar heç kəsi qınamır, uğrunda əlləşdikləri xalqa (indikilər kimi) minnət qoymur, əksinə, xalqı "uca millət" xitabıyla şərəfləndirirdilər. Bir yazıçı, bir aktyor, bir maarifçi, bir ziyalı, əgər səmimidirsə, “ömrümü bu xalqa həsr elədim, qədrimi bilmədilər” kimi pafoslu gileylər etməməlidir. Elədirsə, bəs o yaşadığın həzləri hara yazaq? Axı sən bu zəhmətlərinin qarşılığını alırdın. Şillə, təpik, təhqir, tənə cəzadırsa, mənalı həyat, xalq sevgisi, tərif, xoş sözlər də mükafatdır. Hər şey bir yana, sən bu işlə xoşbəxt olurdun, daha nə istəyirsən. Həyətimizdə rus nənələr var - qırmızı yanaq, canlı matruşkalar, hər gün öz xoşlarıyla gülləri sulayırlar, blokun qabağını süpürürlər, pişikləri yemləyirlər, qar yağdı yolların qarını təmizləyirlər... Soruşursan, niyə edirsiz bunları, nəyinizə lazımdır, nə marağınız var? Cavabları yekdildir: “biz bu işlərdən həzz alırıq". Bu halın adı evdemonizmdir, yəni hamı həzz üçün yaşayır bu həyatda, əzizim, hamı! Sadəcə Rəsulzadələrin duyduğu həzz daha dərin və daha həqiqidir. Onların böyüklüyü də məhz bundadır. Onların ən vacib kəşfi də bu həzdir. Bu həzzi duydunsa əbədiyyən dirilirsən, bu həzz yaşadır səni, darda, qarda, boranda, hər halda və hər vəziyyətdə! Necə ki, Rəsulzadəni yaşadırdı və yaşadır! Baxırsan ona, məəttəl qalırsan; çeşid-çeşid balığı dəryaya atıb, uf da deməyib, çünki o, Rəsulzadədir, Əmindir. Çünki o arxayındır: xalq bilməsə də Xaliq bilir. Şair yazmışdı axı: Bu qədər qəm nəyə lazım, demə, qəm çək yenə də. O qəmin qədrini qəm sahibi Qəmxar bilir. Əsas da Xaliqdir. Nədən ki, Xaliq bildisə, geci-tezi var, xalq da biləcək, necə ki, bilir: bu gün xalq Xaliqin sayəsində hər şeyi bilir. Bu gün xalq Rəsulzadəni bilir. Günün mübarək olsun, böyük kişi, daim ürəyimizdəsən!
İlqar Kamil
İlqar Kamil
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.