2 il sonra belə bir yazı yazıram, buna təhlil demək düzgün olmaz. Təhlil çox dərin araşdırma və təhlil edilən haqqında məlumatları tam əhatə etməyi tələb edir. Bu yazı kitabın proqramda ilk oxucusu olduğum və oxumağı düşünəcək insanlarda fikir yaratmaq üçündür.
Ayxan Ayvazı yazıçı kimi 2 il əvvəl bir kitabını bura əlavə edəndə tanımışdım. İlkin təəssürat olaraq nədənsə ciddi yazıları olacağını düşünməmişdim, amma "Pəncərəsiz" əsəri bu fikrimi dəyişdi.
Kitabda "qeyri-adi bir tələbə" olan İsanın həyatı təsvir olunur. Bu İsa həm insanlara, həm də həyata qarşı dəyişkən münasibəti ilə seçilir. Üsyankar ruhu, sərt fikirləri, vecsizliyi oxucuda maraq oyadır. Hər birimizi narahat edən, amma dilə gətirməkdən çəkindiyimiz həqiqətləri İsa hər kəsin üzünə birbaşa deyir. Belə açıq sözlü olmağına səbəb isə keçmişindəki bədbəxtliklərdir, hər gün artan intiqam hissidir. Həyat onu sərtliyə məcbur etmişdir.
Hekayəni nəql edən Mahir isə onun tələbə yoldaşı və dostu olmasına baxmayaraq, haqqında çox az məlumatlıdır. Bu qədər maraqlı həyatı olan İsanın davranışları Mahirin darıxdırıcı həyatına rəng qatır. İsa haqqında hekayələr hamıda maraq oyadır, düzgün olmayan xəbərlər ağızdan-ağıza yayılmağa başlayır. Amma İsa bu xəbərləri belə vecinə almır, deyilənləri nə inkar, nə də təsdiq edir.
Ayxan Ayvazın İsanı bu qədər müəmmalı və qeyri-adi təsvir etməsi bir yerdən sonra mənə adi və sıxıcı gəlməyə başladı. Buqələmuna bənzədilən İsa hər gün başqa bir məşğuliyyəti ilə, fərqli bir əqidəsi ilə ətrafındakıları təəccübləndirməyi bacarır, özü haqqında bütün fikirləri alt-üst edir. Sevgidə də bəxti gətirməyən İsa gah hamını çox sevən bir dosta çevrilir, gah da insanlara düşmən olan bir yada.
İntihar İsa üçün ən önəmli anlayışdır. O, intiharın da digər seçimlər kimi normal qarşılanmağının tərəfdarıdır. İstədiyi həyatı yaşaya bilməyən, həyatın monotonluğundan bezən hər insanın intihar etmək haqqının olduğuna inanır. Bu isə digərlərinin qəbul edə bilməyəcəyi bir düşüncədir. Onlar qocalana qədər yaşamağı qəbullanmış, öz bədbəxtliklərinin fərqində olmayan insanlardır İsanın gözündə. İntihar sözü bu qədər hallandırıldığı üçün adi bir ifadəyə çevrilib artıq hamı üçün.
Münasibətlərdəki laqeydlik oxucunu düşünməyə vadar edir. Yaxınında olduğumuz, varlığına öyrəşdiyimiz insanları nə qədər tanıya bilərik? Sadəcə ev ünvanları, nömrələri, soyadları, valideynləri onları tanımağımız üçün kifayət edirmi? Yoxsa bunlar tanımaqdan danışanda ən sonda gələcək detallardır? Bir hadisə insanın gözünü açmağa kifayət edər ki, həyatındakı hadisələrdən nə qədər uzaq olduğunu anlasın.
Kitabın sonluğunu nə adi, nə də qeyri-adi kimi dəyərləndirə bildim. Sadəcə belə olmalıymış, başqa bir ehtimal ola bilməzmiş kimi bir sonluq oldu. Yazıçı özü də sonda əsəri necə bitirəcəyini uzun zaman düşündüyünü qeyd edir.
İntihar mövzusuna Ayxan Ayvazın təsadüfi toxunduğuna inanmıram. Ümumiyyətlə, bütün yazıçıların əsər mövzusunda seçici olduqlarını düşünürəm. Həmin yazıçının öz həyatındakı bir zaman kəsiyində o mövzu önəmli rol oynayıb, məncə.
Əsərdə bəyənmədiyim xüsusiyyət isə söyüşlərin çox işlənməsi oldu. Bu müasir ədəbiyyatımızda geniş yayılıb və nəyə xidmət etdiyini anlamıram. Ayxan Ayvaz özü bir müsahibəsində bu mövzudan danışıb: youtu.be/Mtj5i5kqvVs . Burada gündəlik həyatı əks etdirən əsərlərdə söyüşün işlənməsini normal hesab edir Ayxan Ayvaz. Söyüşə qarşı olmağı qapalı həyatla əlaqələndirən yazıçı ilə tam razılaşmıram, çünki bədii zövq anlayışı var. Əgər bir əsəri oxuyanda oxucu istədiyi zövqü ala bilmirsə, bu artıq təbiiliyi arxa plana keçirir. Yaxşı yazılmış əsərlərdə əlavə vasitələrə ehtiyac yoxdur.
Süjet haqqında danışmaq marağı azaldar deyə qeyd etmirəm. Ümumiyyətlə, "Pəncərəsiz" əsəri adı ilə diqqətimi çəkməyi bacarmışdı. İsanın pəncərəsiz həyatını isə həm mövzusuna, həm təhkiyəsinə, həm də ötürdüyü mesajlara görə bəyəndim. Əməyə görə təşəkkürlər, oxucusu bol olsun. Raxana Suleyman , çox sağ ol️ ️