Kırmızı Saçlı KadınOrhan Pamuk
Atasız böyüyən oğulların ata ehtiyacları, suraqat ata axtarışları, tərk edilmiş anaları ilə münasibətləri, deyərdim, əsərdə əsas yer tutan mövzulardır. Eyni zamanda qərbli ata, şərqli ata, onların fərqləri, oğullarına təsiri, bu təsir altından çıxmış və çıxmamış oğulların fərqinə də geniş yer ayrılıb. Atasız böyüyən oğulların ata olma cəhdləri, oğul həsrətləri də öz əksini tapan cəhətlərdəndir.
Əsər bir qədər “Kürk paltolu madonna”nı xatırladır. Hər iki baş qəhrəman hələ özlərini kəşf etməmiş, ataları ilə bir qədər soyuq münasibəti olan gənc insandır və hər ikisi təsadüfi qarşılaşdıqları bir qadının təsiri ilə ömürlərinin sonuna qədər sanki o gənc yaşda ilişib qalırlar.
Baş qəhrəmanın mənlik axtarışı, mənliyimizin həyatımızdakı ata fiqurlarından təsirlənməsi, yaxşı bir atanın bizim üçün güclü və sağlam bir rol modeli olan atamı, yoxsa müstəqil inkişafımız üçün sərbəstlik verib yolumuzu kənardan izləyən atamı olması kimi suallar işlənir.
Əsərdə ötəri də olsa, Türkiyə cəmiyyətinin aktual, yaxın və uzaq keçmişdən qaynaqlanan problemləri, Türkiyədə solçuluq, ailə institutu və ailə institutu naminə göz yumulan problemlər anılır.