Sabahattin Ali'nin Kürk Mantolu Madonna, Kuyucaklı Yusuf və İçimizdeki Şeytan kitablarını oxuduqdan sonra ümumi təhlil yazmaq qərarına gəldim.. Həm çalışacağam ki, kitablarını, obrazlarını müqayisə edim, həm də yazarın həyatı ilə bağlı olduğunu düşündüyüm yerləri bacardığım qədər sizinlə də bölüşüm.
Danışmağa Raif əfəndidən başlayıram..( Kürk Mantolu Madonna )
Sadəlövh, sakit təbiətli, mütaliə etməyi sevən, susmağı üstün tutan, qapalı bir obrazdır. Kitabda da söylədiyi kimi, "Real həyatdan çox, xəyallar dünyasında yaşayan sakit təbiətli bir uşaq idim.."(səh.63)
Raif öz doğmaları ilə yaşayan bir yad idi. Özü bunu belə izah edirdi; "Çünki mühitimdən uzaq düşməyimin, qəribəliyimin bir səbəbi də kitablardan tanıyıb öyrəndiyim insanları ətrafımda tapa bilməməyim deyildimi?". Sadəcə, bu cümləsi yetir ki, Raifi az da olsa anlaya bilək. Səbahəddin Əlinin Alman dili müəllimi olması, təhsil alması üçün 1 illik Almaniyaya getməsi, Rus və Alman ədəbiyyatını çox sevməsi də Raif'lə uzlaşır. Kitabda belə bir cümlə var idi.."Rus yazıçıları mənə daha çox təsir bağışlayırdı. Ivan Turgenyev'in romanlarını ikinci dəfə və son səhifələrinə qədər oxuduğum hallar da olurdu."(səh.72). Hətta Səbahəddin Əlinin çox xarakteri Raif'lə üst-üstə düşür. Xüsusilə də, qapalı,sadəlövh və təvazökar olması. Düşünürəm ki, Raif obrazını təsvir edərkən daha çox özündən ilham almışdı. Eyni vəziyyəti biz Kuyucaklı Yusuf kitabında da görə bilərik, amma bu dəfə özünü yox.. Ailəsini..
Səbahəddin Əlinin anası ilə münasibətləri yaxşı olmayıb və atasını daha erkən itirib. Müharibə zamanı Edremite köçmüşlər və s. Sizə də Kuyucaklı Yusuf'u xatırladır? Nə təsadüf, orada da Yusifin də atasının adı Səlahəddin idi. Atasının xanımı olan Şahindəni təsvir edərkən isə öz anasını təsvir etməyə çalışmışdır. Anasını sevmədiyi kimi, kitabdakı Şahinde obrazını da oxucu sevmir. İlk romanı olduğunu üçün öz həyatından əsinlənməsi təəccüb doğurucu bir şey deyil.
Yusif obrazı isə dözümlü, cəsarətli, gözüqara və cahil biridir. Yusifi zaman keçdikcə mövcud yaşayış tərzi iradəsiz, zəif biri edir.
İçimizdeki Şeytan kitabından tanıdığımız Ömər isə iradəsizliyi, qərarsızlığı, zəifliyi ilə yadda qalmışdır. Ömər daha çox hər birimizin içində yatan zəifliyi, iradəsizliyi təmsil edir.
Hər üç kitabda da kişilərin taleyinə təsir edən qadın obrazlar var. Raifi qısa müddətlik cənnətdə yaşadan Mariya, Ömərin özünə qayıtmasına kömək edən Macide və Yusifin ehtiyaclarını qarşılayan Muazzez. Mariya olmasa idi belə, Raif yenə də insanlardan uzaq, öz aləmində yaşayacaqdı. Amma Macide olmasa idi, Ömər çətin ki, öz şeytanı ilə mübarizəsinin qalibi olardı. Muazzez və Yusifin arasında olanların məhəbbətdən uzaq olduğunu düşündüyüm üçün danışmaq da istəmirəm.
Hər üç kitabda məhəbbətlər hüsranla bitir, hər üçünün dili axıcıdır. Yazıçının güclü təsvir qabiliyyəti kitablara ayrıca bir rəng qatır.
Ən sevdiyim kitabı Kürk Mantolu Madonna oldu. İstisnasız bütün oxuculara tövsiyə edə biləcəyim bir kitabdır. Kuyucaklı Yusuf və İçimizdeki Şeytan kitablarını isə müəyyən sinif oxuculara tövsiyə edə bilərəm.
Kişi obrazlardan ən sevdiyim Raif, qadın obrazlardan ən sevdiyim isə Mariya idi.
Bunlar mənim subyektiv qiymətləndirməm idi.
Xoş mütaliələr!
Cərulla Heydər Macidənin yanında qalmasını nəzərdə tutursunuzsa, belə fikir bildirə bilərəm ki, əgər onunla qalsa idi daha da zəifləyəcəkdi. Özünü tanıması üçün uzaqlaşmalı idi. Necə ki, körpələr həmişə valideynlərinin əlindən tuta bilməz, o da özü yeriməyi öyrənməyə başladı.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.