Niyə sevdim mən səni?
Niyə vuruldum sənə?
Özüm də bilmirəm heç,
Nəyin xoş gəldi mənə.
Deyim, qara qaşların,
Qara gözlərin oldu.
Qırmızı yanaqların,
Şirin sözlərin oldu.
Düz olmaz, axı səndən
Qara gözlülər də var.
Qırmızı yanaqlılar,
Şirin sözlülər də var.
Bəs qəlbini qəlbimə
Bağlayan nə oldu, qız?
Bu suala bir cavab
Verə bilmərəm yalnız.
Səni mənə bağlayan
Düz söz, düz ilqar oldu.
Təmiz məhəbbətimiz,
Bir də etibar oldu.
Niyə sevdim mən səni?
Niyə vuruldum sənə?
İndi bildin mi, ay qız,
Nəyin xoş gəldi mənə?
(Ənvər Əlibəyli)