Bu əsər, Osamu Dazai -nin 1948-ci ildə yayınlanmış, müəllifin son əsəri kimi bilinən, lakin əslində elə olmayan və Yaponiya ədəbiyyatının çox məşhur olan əsərlərindəndir. Qeyd edim ki, Dazai-nin son əsəri yarım qalan Goodbye kitabı olmuşdur. İnsanlığımı Yitirirken əsəri isə özündə bir çox avtobioqrafik elementlər ehtiva edən, 20-ci əsr yapon ədəbiyyatına məxsus I-novel (mən-roman) janrında yazılmışdır. Bu janr haqqında kitabın sonsöz hissəsində ətraflı danışılıb. (Ps. epiloqu kitabı bitirəndən sonra oxuyun) Yeri gəlmişkən, Mark Gibeau tərəfindən yazılmış bu epiloq həqiqətən təqdirəlayiqdir. Oxuyub başa düşmək düz 1 günümü alsa da, çox zövq aldım və daha çox məlumatlandım. İndi isə keçək mövzusuna...
Roman, Yozo Oba adlı gənc bir adamın həyatını və daxili çöküşünü izah edir. Yozo, cəmiyyətə uyğunlaşa bilməyən, daxili böhranlar yaşayan və özünü insanlar içində daim bir yad kimi hiss edən personajdır. Yozo'nun aldığı travmalar, etdiyi intihar cəhdləri, alkoqol asılılığı və anlam axtarışı kitabın əsas sujet xəttini təşkil edir. Yuxarıda da qeyd etdiyim kimi, kitab Dazai'nin öz həyatını, depressiya və insanlara qarşı özgələşmə hisslərini əks etdirir.
Əsərin ədəbi cəhətdən çox dərin və güclü olduğunu düşünürəm, təsirli və düşündürücüdür. Özünəməxsus kədərli atmosferi ilə insanı öz iç dünyasında dərinliklərə çəkib aparsa da, mənim fikrimcə, hər bir oxucunun ömründə heç olmazsa bir dəfə oxumalı olduğu kitablar sırasında yer almalıdır. Lakin, tövsiyəm o yöndə olacaq ki, özünüzü rahat hiss etdiyiniz, sakit əhval-ruhiyyə içində, eləcə də sakit bir mühitdə mütaliə edəsiniz.
Bəzi oxucular üçün həqiqətən ağır gələ biləcək bir romandır. Personajın daxili mübarizəsi ilə yanaşı, kitabın qaranlıq teması bəzən ciddi olaraq insanı yora bilir. Bir rəydə hər yaş qrupu üçün uyğundur yazıldığını gördüm, əsla və əsla qatılmıram bu fikrə. Müəyyən yaş hüdudu qoymaq mənə düşməz, amma melanxoliyanın nə olduğunu bilən (bu haqda kitab üçün ayrıca ileti paylaşacağam) eləcə də, kitabın qaranlıq atmosferinin təsiri altına düşməyəcəyindən əmin olan şəxslər üçün uyğun görürəm mən.
Xoş oxumalar :)