Müharibə mövzusunda yazılmış kitabları bir başqa sevirəm. Bu dəfəki müharibə mövzulu kitabım "Kapıların dışında" kitabı oldu. Pyes şəklində yazılmış bu əsər səhifəsi az da olsa, dərin, insanı sarsıdan və müharibə dəhşətlərini iliklərinə qədər hiss etdirən əsərdir.
Əvvəlcə bir az müəllifdən danışmaq istəyirəm. Çünki kitabın mövzusu elə müəllifin həyatının özüdür...
Müharibə mövzusunda yazılan kitabın müəllifi müharibə iştirakçısı olduğu zaman həmin əsər daha dərin, daha təsirli olur və müəllif duyduğu, yaşadığı dəhşətləri eynilə oxucuya çatdıra bilir. Məsələn, Remark, Heminquey kimi müharibə iştirakçısı olmuş yazıçıların yazdığı, mənim də oxuyub təhlil etdiyim kitabları götürək: "Qərb cəbhəsində yenilik yoxdur" (#241248490), "Əcəl zəngi" (#133160292).
Belə yazıçılardan biri də Volfqanq Borxertdir. Alman yazıçısı olan Borxert II Dünya Müharibəsində Rusiya cəbhəsində üç il döyüşmüş, sonra yaralanmış, iki dəfə ard-arda həbs olunmuş və nəhayət, 1945-ci ildə xəstə və bitkin bir şəkildə vətəninə qayıtmışdır. Qayıtmışdır, ancaq artıq heç nə müharibədən əvvəlki kimi deyildir. Borxert hər şeydən, həyatdan kənarda qalır... Və bunun təsirilə "Kənardakı adam" ("Draußen vor der Tür"/"The man outside"/"Kapıların dışında") əsərini qələmə alır. 1946-cı il, payızın sonlarında bir neçə gün ərzində yazdığı bu əsər tamaşaya qoyulmazdan bir gün əvvəl - 1947-ci ilin noyabrında isə vəfat edir. Kənarda, qapıların xaricində qalan müəllif əsərinin necə məşhurlaşdığını, kitablarının rekord qıraraq satıldığını görə bilmədən onun üçün yeganə qapısını açmış olana - ölümə təslim olur.
"Ben daim kapıların dışındayım. Ve kapılar kapalı...
Ölüm bana bir kapı vadetti, açık bir kapı..."
"Bir adam Almanyaya geliyor..." - deyə başlayır əsər. Bir adam Almaniyaya qayıdır, ancaq üzünə bütün qapılar bağlıdır...
Əsəri oxuduqca müəllifin çəkdiyi əzabları - yazarkən təkrar yaşadığı əzabları - oxuyur və onun ağrılarını dərindən hiss edir oxucu. Müəllifin həyata, insanlara, tanrıya qarşı olan üsyanları dərindən sarsıdır...
Bukalp, sesikısılanakadarbağırdıdaçığlığınıhiçkimseduymadı. Neaşağıda, neyukardahiçkimse!