Ve Dağlardan Səda Gəldi Əfqanıstandan Amerikaya, Parisdən Tinosa qədər uzanan, nəsillər boyu bir-birinə toxunan yaşamlardan və dərin bağlardan bəhs edən bir romandır. Kitab, kiçik bir əfqan kəndində - Şadbağda başlayan hekayəsilə, Abdulla və balaca bacısı Pərinin ayrılığı ətrafında formalaşıb, ailə sevgisi, fədakarlıqlar, itkilər və peşmanlıqlar üzərində durur. Khaled Hosseini , hər personajın həyatına toxunaraq, sevginin necə qarmaşıq olduğunu və keçmişin silinməz izlərinin insan ruhunda necə dərin izlər qoya biləcəyini məharətlə təsvir edir.
Oxuduğum müddətdə elə hey düşünürdüm ki, görəsən, niyə kitabın adı məhz belədir. Epiloq hissəsində də qeyd olunduğu kimi bu ad qismən William Blake'in - Nurse's Song şeirinə əsasən qoyulub:
The little ones leaped, and shouted, and laughed,
And all the hills echoed.
Amma məncə əsas məna buradakı personajların həyatında baş verənlərin zaman, məkan fərq etmədən illər boyu davam edən təsirini ifadə etməkdən ibarətdir. Yəni, səsin dağda yaratdığı əks-səda kimi baş verən hadisələrin ağırlığı da, sədaları da digər nəsillərdə özünü büruzə verir, bir növ yankılanır.
Ümumilikdə götürəndə bəyəndiyim bir kitab oldu. Amma 8/10 verməyimin səbəbləri də var təbii ki. İlki ondan ibarətdir ki, kitabda personajların çox olmasına baxmayaraq onların hər birinin həyatlarına toxunulması möhtəşəm bir şeydir, amma təəssüf ki, yazılanda bütün təsiri demək olar ki, yoxa çıxıb. Bunun səbəbi isə məncə keçmiş və gələcək arasında olan keçişlərin çox sıx olması idi. Belə olanda baş verənlər bir az qarmaşıq hal alır və qeyd etdiyim kimi təsiri itir. İkinci səbəb isə ondan ibarətdir ki, müəllif müasir dövrün inikası olaraq personajların yaşadığı həqiqi dünyanı əks etdirməyə çalışarkən, bəzi məqamlarda cinsi, arqo ifadələri üstün tutan bir danışıq tərzini uyğun görüb. Amma düşünürəm ki, bu kitabın ümumi atmosferinə zidd olub və uyğunsuzluq əmələ gətirib. Müəllif daha seçici ola bilərdi deyə düşünürəm. Çünki nəzərə alınmalıdır ki, kitabı oxuyanların sayı bir deyil, yüz deyil. Əgər milyonları əhatə edən saydan söhbət gedirsə, müsbət keyfiyyətlər aşılayan ünsürlər daha çox olmalıdır, çünki bilirik ki, hamının görüb götürəcəyi şey eyni dərəcədə olmur. Yəni belə. (Bu əslində tərcüməçidən də qaynaqlanmış ola bilər)
Əslində sonu da belə gözləmirdim. Lap yerində olub, təsirli idi, amma deyilənlər qədər təsirli deyildi. Bəlkə də Çərpələng Uçuran -ı oxuduğum üçün müəllifin qələminə bələdəm deyə gözləntim yüksək olduğundan belə dedim. Bilmirəmm
SPOILER
Fədakarlıq, yersizlik hissi və təbii ki peşmanlıq. Əsas toxunmaq istədiyim mövzular hələ ki bunlardır.
Başdakı nağılla başlama fikri çox əla idi. Saburun öz qızını sataraq nağıldakı kimi "əlini xilas etməsi üçün bir barmağını fəda etməsi" çox təsirlidir. Onun yerində olsam mən də çox çarəsiz hiss edərdim özümü. O dövrdə, bir atanın öz ailəsini ayaqda tutmaq üçün digər bir uşağını fəda etməsi çox tragik situasiyadır, amma başadüşüləndir. Pərini varlı bir ailəyə satmaqla ən azından qızının həyatını yaxşılaşdıracağı ilə özünü ovudub bəlkə də. Amma Abdulla buna layiq deyildi həqiqətən. Ömür boyu xatirində qalacaq olan, qanı qanından, canı canından olan bacısını bir göz qırpımında itirmək həqiqətən böyük bir travma səbəbi idi. Amma gördüyümüz kimi fədakarlıqlar bəzən arxasında peşmanlıqlar qoyub gedə bilir.
Peşmanlıq demişkən, görürük ki, kitab boyunca oxuduğumuz bir çox personajı birləşdirən ümumi cəhət peşmanlıq idi. Pərvanə bacısını itələdiyi üçün, Sabur qızını qurban verdiyi üçün, Abdulla Pərini qoruya bilmədiyi üçün, Pəri isə keçmişini xatırlaya bilmədiyi üçün peşmanlıq çəkir. Nəbi Pərini satmağı təklif etdiyinə görə, Nila isə Pərini övladlıq götürdüyünə görə... Süleymanın peşmanlığı öz içindədir. İdris də elə həmçinin. Roşi'yə kömək edəcəyinə dair söz verir, amma bu sözü tutmur. Bəlkə elə Roşi özü də peşman olmuşdur, İdrisə güvəndiyinə və ümid bəslədiyinə görə...
Markos ilə anası həba etdiyi illərə görə peşman idi. Madlendə isə heç peşman olacaq bir tip də yox idi, amma bəlkə də nə vaxtsa keçirmişdi bu hissi. Qızından utandığı üçün yaşamışdı peşmanlığı. Bilmək olmaz.
Gördüyümüz kimi mind map quranda olduğu kimidir eynilə. Hamını birləşdirən o ortaq cəhət. Peşmanlıq. Bəziləri etdiyinə görə, bəziləri isə etmədiklərinə görə peşmanlıq hissi keçirirlər. Beləcə, getdikcə vicdan əzabına çevrilən bu hiss ruhda dərin bir yara qoyur.
Yersizlik hissi olaraq qeyd etdiyim şeysə məncə peşmanlıq hissinin nəticəsində ortaya çıxır. Bəlkə də belə olmaya da bilər, bilmirəm. Yersizlik deyərkən nəzərdə tutduğum aidiyyət hissinin olmamasıdır. Yəni özünü bir yerə məxsusmuş kimi hiss etmir, daim özünə yer axtarmaq üçün çabalayırsan. Eynilə Markosun dünyanı gəzdiyi kimi. Məncə Nila da bu səbəbdən Parisə çıxıb gedir, eləcə də Abdulla özü. Pəri olmayandan sonra ilk verdiyi qərar başını alıb çıxıb getmək olur.
Əgər ki, səni sənmişsən kimi hiss etdirən şəxs ya dəyişirsə, ya artıq var olmursa, yanında olmursa yaranır bu yersizlik. Markosda bu anası idi, Nila üçün belə biri zaten yox idi, Abdulla üçün də bacısı Pəri idi.
Son olaraq, hekayəsi mənə ən təsirli gələn pesonajları da qeyd etmək istəyirəm. Bunlar Pərvanə və Məsumənin hekayəsi ilə Roşi və İdrisin hekayəsi idi. Xüsusilə də, Rövşanənin başına gələnlər qanımı donduran cinsdən idi. Deyəcək bir söz tapa bilmirəm. Məndən bu qədər.
Xoş mütaliələr :)