Hər vaxtınız xeyir, 1k kitabsevərləri.
İlk Şizofren i oxuyub sonra bu kitabı oxumaqla sıranı pozmuş olsam belə, məna dəyərini pozmuş olmamışam. Amma ilk bu kitabla başlamalı olduğumu öyrəndikdən sonra kitabın sonuna qədər ikinci kitabdan əmmarələr axtarmaq hissi kaş olmasaydı.
Bəzən düşünürəm ki, tək bir şans versəydilər mənə və desəydilər ki bir peşə seç özünə, bu, psixiatr peşəsi olardı. Müəllim tərəfimdə iki şəxs gizlənir, biri "ana" tərəfim, digəri insanların ruhunu oxuma hissim. Hər şagirdə individual yanaşmaq bu iki məsuliyyəti də özündə cəmləyir. Zənnimcə, elə psixiatrlarda da digər ikisi olmalıdır. Ana və müəllim. Qayğıyla yaxınlaşıb, həyatı öyrətmək.
Ruhi xəstə deyilən sözü heç sevmirəm. Ruhu bu dünyadan qopanlar var. Özünü keçmişində gizlədənlər. Özünü itirmək, özündən qaçmaq və özündən belə gizlənmək. Fuqa. Bu sözü də bu kitab sayəsində öyrəndim. Və köklü bir araşdırma aparacağım şüphəsizdir. Hər kitabdan bir xatirə qalır, bu kitabdan da yeni bir şeylər öyrənmiş oldum.
Uşaqlığın zərbələri gələcəyi öldürmə gücünü sahibdir. İnstikt. Xilas etmə instikti, həyat mübarizəsi. İnsanın bu həyatda qara dəliklərdən yan keçməyinin əsas səbəbidir. Yəni qismən.
Ağrı insanı həyata qaytaran hissdir. Bunu oxuduğum əsərin sahibi deyir. Və yaşadıqlarım təsdiqləyir. Dözülməz dərəcədə ağır yüklərimdən xilas olmaq istədiyimdə zehnimin yeni həmlələriylə qarşılaşıram. Yenə eyni yol, yenə eyni hisslər və yenə eyni nəticə. Son nəticə ilk günki səbəbin məhsulu olur. Ağrının şiddəti dəyişirmi? Xeyr, hər halda immunitet qazanırıq. Ən azından mənim üçün belədir. Hələ də nəfəs ala bilirəmsə belə düşünməyə ən azından məcburam. Beynim belə istəyir. Təlqin edir desəm, daha doğru olar.
Bəlkə də mənim Lauram da keçmişimdə gizlənir. Bir gün özünü biruzə verib məni öz 'bermud üçbucağı'na həbs edəcəkdir. Axtarışıma çıxan olacaqmı? Əmin deyiləm.
Xoş mütaliələriniz olsun..