Kitabı dünən səhər oxuyub bitirməyimə baxmayaraq hələ də təsirindən çıxa bilmirəm. Tək kəlimə ilə mükəmməl bir kitabdır. Cəlil Məmmədquluzadə o dövrün cahilliyini ustalıqla tənqid edib. Camaatın Kərbəlayı Fətullahın dirilməyinə sorğusuz-sualsız inanması, elmə dəyər verilməməsi, cahilliyin baş alıb getdiyi şəhərdə dini vasitəyə çevirərək camaatı aldatmağın asanlığı, qadınların haqqlarının, demək olar ki, olmaması o qədər gözəl tənqid obyektinə çevrilib ki.. Amma mənə əsas təsir edən, bu problemlərin yalnız o dövr üçün aktual olmamasıdır. Hazırda da kitabda tənqid obyektinə çevrilən məqamların problem olaraq öz aktuallığını qoruması acınacaqlı vəziyyətdir. 1909-cu ildə yazılan əsərdəki problemlərin üstündən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq hələ də həll olunmaması.. Ölülərin dirilməyinə inanacaq qədər olmasa da, hələ də cəmiyyətin dövrümüzə görə cahil qalması, elmə yetərincə dəyərin verilməməsi, xüsusilə rayon bölgələrində qız uşaqlarının təhsilə yox, evliliyə cəlb olunması.. Mənim yaşımdakı qızların(16) evlənməsi, ya da ən azından tək fikirlərinin "ərə getmək" olması, rayona gedəndə hələ də "həyətdən çölə çıxma, camaat deyər "özünü kimə göstərir?" " ; "qızımı tez evləndirim, qoy çörək yeyənlərimizdən biri azalsın" ; " Oxuyub nə olacaq, onsuz da oxuyan da iş tapmır" cümlələrini eşitməyim, pirləri ziyarət edən, dini araşdırmadan, dildən-dilə eşitdikləri ilə dinə inanan insanları görmək bu camaatın üzərindən hələ də "ölülər" ləqəbinin götürülmədiyini anlayıb kədərlənməyimə səbəb olur. Bəli, biz hələ də "ölülər"ik, amma, təəssüf ki, daha nöqsanlarımızı tənqid edərək bizə göstərən, və bizi intibaha doğru yönləndirən "Cəlil Məmmədquluzadələr" yoxdur...
Kitabı oxuduqdan sonra filminə baxdım(" O dünyadan salam"). Komediyanın ardıcıllığına əməl olunmasa da, əsərdəki bəzi səhnələrin filmdə olmaması, və filmdəki bəzi səhnələrin də əsərdə olmamasına baxmayaraq, filmə də, bir sözlə, aşiq oldum. Filmdə Mirzə Cəlilə olan göndərmələr, camaatın onları intibaha aparan bu insana qarşı xoşagəlməz fikirləri, həmçinin ölülərin "azadlıq" şüarları altında yola çıxmasına baxmayaraq "birlik" olmayanda sonlarının yenə məzar olmasına aid göndərmələr.. Həqiqətən, oxunacaqlara əlavə olunması lazım olan bir kitab, izlənəcəklərə əlavə olunması lazım olan bir filmdir..
Celil MemmedguluzadeÖlülər