Bəlkə də, AZ hər şey deməkdir. Və bəlkə də, mənim sənə deyə biləcəyim tək şeydir...
Kitabın təhlilinə necə başlayacağımı həqiqətən bilmirəm. "Necə bir təhlil yazım ki, bu qədər yükü öz üzərinə götürən bu 355 səhifəlik kitaba yaraşan bir təhlil olsun" - deyə düşünürəm. Necə yəni bu qədər yük? Çünki kitabda nə desəniz var: şiddət, cinsi istismar (pedofiliya), məcburi uşaq evliliyi, insan alveri, narkomaniya və saya bilməyəcəyim çox şey... Adına insan dediyimiz məxluqların "bu qədəri də olmaz" deyəcəyimiz qədər etdikləri hər şey...
Kitabın əsas obrazlarından biri: Derdâ. Sadəcə 11 yaşı var. Və ailəsi tərəfindən istənməyən bir qız uşağıdır. Atası zatən hələ Derdâ doğulmamış onları tərk edir. Anası isə, pul qarşılığında 11 yaşında ərə verir (satır!). Daha sonra Derdâ'nın başına gələnlər o qədər qəribədir ki... Zorla ərə verildiyi adam tərəfindən döyülməsi, evdən kənara çıxmağına qadağa qoyulması, 5 ildən sonra fürsət tapıb evdən qaçması, əynindəki çadrasını çıxarıb tullayarkən saçından qorxub dibindən kəsməsi, davamlı olaraq yanlış insanlarla qarşılaşması... (bu kitabdan sonra insanlara nifrət edəcəksiniz!)
Kitabın ikinci əsas obrazı: Derda. Sadəcə 11 yaşı var. Qəbirstanlıqda qəbir daşlarını yumaqla məşğuldur. Bu obrazımızın əsas hekayəsi, təsadüf nəticəsində Oğuz Atay'ın Tutunamayanlar kitabına rastlaması ilə başlayır. Oğuz Atay adı o qədər tanış gəlir ki, sırf bu kitabı oxumaq üçün məktəb üzü görməyən Derda'mız oxumağı öyrənir. Və oxuduqdan sonra anlayır ki, neçə illərdir ki yuduğu qəbir daşlarından biri də, məhz Oğuz Atay'ın imiş... :) Və kitaba o qədər aşiq olur ki, hətta yuxusunda xəstəxanada ürəyini çıxarıb yerinə bu kitabı qoyduqlarını görür. Möhtəşəm deyil?) Və bu obrazımız önünə bir hədəf qoyur: Oğuz Atay'ın bütün kitablarını oxuyacaq və onun ölümünə səbəb olan hər kəsdən qisas alacaq...
Və bu iki obrazımızın çəkdikləri əzab-əziyyətdən sonra bir-birilərinə qovuşması... Eynilə AZ kimi... Əlifbanın ilk hərfi ilə, son hərfinin qovuşması kimi...
Tək bu iki obrazımızla kifayətlənmir kitab. Bir çox obrazın özünəməxsus sarsıdıcı hekayəsi var əslində. İsa'nın heç kimə danışa bilmədiyi hekayəsi, Yeşimin cinsi zorakılığa məruz qalması, Anne'nin intihar düşüncəsi... Ən pisi isə odur ki, bizim oxuyub bitirdikdən sonra belə dəhşətli ifadələrlə təhlil etdiyimiz hekayələri biriləri bir yerlərdə həqiqətən yaşayır..
Uzun müddətdir ki, belə bir kitab oxumamışdım. Hakan Günday'ın qələmindən oxuduğum ilk kitab oldu, son olmayacağı dəqiqdir..