Gönderi

637 syf.
·
Puan vermedi
"Dirilmə" romanı Lev Tolstoyun yarım əsrlik yaradıcılıq fəaliyyətinin yekunu, son monumental bədii əsəridir. Qısa olaraq xatırladım ki, müasirlərinin yazdığına görə, L. Tolstoy son əsərini F. Dostoyevskinin "Ölü evdən qeydlər" əsərini təkrar oxuduqdan sonra yazmışdır. Beləliklə, xalq fikri əsas götürülmüş "Hərb və sülh", ailə problemi əsas götürülmüş "Anna Karenina" romanlarından "Diirlmə" romanına qədər (əsas fikri insan və cəmiyyət) gərgin ideya axtarışlı uzun zaman keçmişdir. Bu zaman ərzində Rusiya cəmiyyətində cərəyan edən hadisələr, proseslər də dəyişmiş, kəndlilərin torpaqsızlaşması, yoxsullaşması və kapitalizmin gücü artmışdı. ️Roman haqqında məlumatları incələyəkən romanın real hadisədən təsirlənərək yazılması faktına rast gəldim. Andlı məhkəməsinin üzvü (prisyajnı iclasçı)aldadıb atdığı qadını məhkəmədə görür, günahını yumaq üçün həmin xanımla evlənmək istəyir, ancaq o qadın həbsxanada vəfat edir. Amma romanı oxuyanar artıq bilirlər ki, roman başqa süjet xətti əsasında yazılıb. Tolstoy romanın ərsəyə gəlməsinə on ilini (düşünmək və yazmaq) sərf etmişdir. Özü roman haqqında belə yazırdı: "Mən romandan məmnunam, çünki orda uzun müddət məni məşğul edən şeyləri demişəm". Yazıçı həmçinin son romanını milyonlarla oxucuya ünvanlanmış "yığılmış məktub" adlandırırdı. ️"Dirilmə" romanı nəşr olunan zaman müəllifin digər əsərləri kimi bu qədər səs-küylə və maraqla qarşılanmamışdır. Hətta araşdırmalarda bir neçə min tirajla satıldığı qeyd olunub. Çarizm də bu əsərdən ehtiyat edirdi. Senzuranın əsərdən çıxardığı hissələr var idi. Bu roman çap edildikdən cəmi 6 il sonra 1905-ci il inqilabı baş verdi. Tolstoy cəmiyyətin böhranlı vəziyyətini yazmaqla rus inqilabının uzaqda olmadığını öngörmüşdü. Tolstoy dünya ədəbiyyatına və mənəviyyatına böyük təsir göstərib və bu təsir bu gün də davam etməkdədir. "Dirilmə" romanı da digər möhtəşəm əsərləri kimi həm bədii süjet cəhətdən, həm də siyasi-iqtisadi, fəlsəfi, sosioloji və psixoloji məsələlərə böyük yazıçının özünəməxsus yanaşması ilə diqqəti cəlb edir. "Dirilmə" romanında çar Rusiyası dövründə məhkəmələrdəki ədalətsizlikləri, həbsxanalardakı qanunsuzluqları, özbaşınalıqları, katorqa və sürgünləri, məşəqqətli Sibir həyatını öz kəskinliyi ilə və ifşaedici qüdrətilə təsvir edir. ️Romanın süjetinə görə Tolstoy dirilmə prosesini iki obrazın nümünəsində göstərib. Nexlyudovun Katyuşa Maslovaya qarşı günah işləməsindən sonra duyduğu dirilmə ehtiyacı və Katyuşa Maslovanın bütün insanlığa nifrət hissindən sonra katorqada ruhunun dirilməsi. Yazıçıya görə nə qədər ki, Nexlyudov öz günah hissindən və Maslova da nifrət hissindən azad ola bilməyiblər, deməli, ruhları ölüdür. Əsərin əvvəlində insanların ikili təbiətdə olması haqqında yazıçının ustalıqla təsvir etdiyi "üç öpüş" səhnəsiylə oxucuya mesaj göndərməsi diqqətimdən yayınmadı. "O, qızı bir də haqlayıb yenə qucaqladı və boynundan öpdü. Bu öpüş artıq, - biri yasəmən kolunun dalında, biri də bu gün səhər kilsədəki ilk iki öpüşdən tamamilə başqa cür öpüş idi. Bu dəhşətli idi və qız da bunu hiss etdi" (səh. 70). Gördüyümüz kimi burda Nexlyudovun heyvani tərəfinin aktiv olduğu səhnədir və günah işlənməsinə itələyən səbəb də məhz bu idi. Etdiyi günahı unutmaqla insan ruhunu sanki yuxuya verir, ancaq bununla daha ağır mənəvi əzaba düçar olur. Bu əzab günlərin bir günü şimşək kimi çaxaraq sahibini qəflət yuxusundan oyadır, ona təmizlənmək ehtiyacını xatırladır. Günahdan təmizlənmə ehtiyacı elə bir qüclü qüvvədir ki, hətta Nexlyudovu var-dövlətdən, malikanədən, öz nişanlısından imtina edərək Katyuşa Maslovanın dalınca Sibirə qədər "sürünməyə" məcbur edir. ️Eyni zamanda Katyuşa Maslova obrazı da dirilməyə gedən yolda əzablarla qarşılaşır. Katyuşa Nexlyudov tərəfindən aldadılır, buna baxmayaraq ümidini itirmir, onu gözləməyə davam edir. Nexlyudov isə nəinki qayıtmaq, öz kefli halından geri qalmırdı. Bu səhnəni romanda yazıçı təsirli təsvir edib. Katyuşa Nexlyudovun yaxındakı dəmiryol stansiyasından qatarla keçəcəyini öyrənir, axşamın qaranlığından bir kəndli oğlan uşağı ilə (filmdə qız uşağı olur) stansiyaya gəlir. Nexlyudovu işıqlı bir vaqonda öz yoldaşları ilə düyib-gülən vəziyyətdə görür. Bu səhnə Katyuşaya ağır psixoloji zərbə vurur. Katyuşa qərar verir ki, özünü bir növbəti qatrın altına atsın (maraqlıdır ki, qatarın altına atılmaq səhnəsi yazıçının "Anna Karenina" əsərində də var. Düşünürəm ki, bu hadisə Tolstoyun şüuraltında dərin iz buraxan hadisə olub, bəlkə də belə bir hadisəni həyatda canlı müşahidə edib). Lakin Katyuşanı özünü qatarın altına atmaqdan bətnində tərpənən körpəsi xilas edir və onlar evə geri qayıdırlar. Hamilə olduğunu biləndə isə qadınlar onu evdən qovurlar. Bundan sonra Katyuşanın daha əzablı günləri başlayır, uşağı ölür, özü də xəstəlikdən güclə sağ qurtarır və insanlığa nifrət edir. Katyuşa nifrət etməklə qalmır, əl əməyi ilə dolanmağı çətin hesab etdiyi üçün həyatda qalmağı asan yolla həll edir. Katyuşanın insanlara qarşı tüğyan edən nifrət hissini katorqada dustaq Simonsona olan sevgisi xilas edir. Onun da dirilməsi belə baş verir. ️Romandan ən çox təsirləndiyim səhnə: Nexlyudovun günahdan təmizlənə bilməsi üçün hər dəfə gündəlik tutub yeni həyata başlayacağına söz verməsi və yazdıqlarına əməl edə bilməməsi. Bu səhnə mənə "Aydınlanma səyahəti"ndə yazdığım və inandığım bir həqiqəti xatırlatdı: "Digər canlılardan fərqli olaraq təkcə insan varlığını sürdürə bilmək üçün ağlının gücü ilə sona qədər bələdçilik etməlidir, ustalaşmalıdır (səh. 11)". Romanda - "O dua edir, Allaha yalvarırdı ki, ona kömək etsin, varlığına daxil olub onu təmizləsin, halbuki onun yalvarıb istədiyi şey artıq olmuşdu. Onun daxilində olan Allah şüurunda oyanmışdı" (səh. 116). ️Tolstoy və Dostoyevski haqqında monumental əsərin müəllifi D.S. Merejovski "Dirilmə" romanını "dahinin intiharı" adlandırmışdır. Bu "intihar" Tolstoyun "Dirilmə" əsərində təklif etdiyi dünyanı diriltmək üsullarının dini utopiya olması məsələsinə işarə idi. Həyat isə ziddiyylətlərlə doludur. "Dirilmə" əsərindəki dirilmə üsulları kiminə görə dini utopiya, kiminə görəsə həqiqətən də günahlardan, mənəvi tənəzzüldən xilas yoludur. Tərcih fərdə görə dəyişir. Dünyanın müxtəlif ölkələrində “Dirilmə” romanı əsasında iyirmidən çox film çəkilmişdir. Mən onlardan birini 1960-cı ildə rejissor Mixail Şveytser tərəfindən ekranlaşdırılmış romanla eyni adlı iki seriyalı "Dirilmə" filmini izlədim. Məsləhətli filmdir, bir şeyə diqqət etdim ki, romandakı diaqlolarla filmdəki dialoqlar tamamilə eynidir. ️cinema.mosfilm.ru/films/film/Vosk... Xoş mütaliələr! ️ @mumogluceylan
Diriliş
DirilişLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202117,6bin okunma
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.