10/10
·517 syf.··
Beğendi
·
2025 13. kitabı
Martin İden romanı özündə həyatla bağlı çox şeyləri ehtiva edən bir əsərdir. Cek London bu əsərdə insanın yüksəlişini, arzuların arxasınca gedərək özünü aşma gücünü və nəhayət, bütün bunların puçluğunu göstərir. Martinin faciəsindən sonra belə nəticəyə gələ bilərik ki, o, əvvəlki proletar həyatına davam etsəydi, daha xoşbəxt yaşaya bilərdi. Deməli, uğur, şöhrət və pul hər adamı xoşbəxt edə bilməz, bəzən xoşbəxtlik miskin hesab etdiyimiz tərəfimizdədir, sadəcə biz onu görmürük. Martin İden – yoxsul, amma istedadlı bir gəncdir. Onun həyatının dönüş nöqtəsi Ruth ilə qarşılaşmasıdır. Martin Ruth-u ilahi bir varlıq, əlçatmaz bir möcüzə kimi görür. Bu görüş Martin üçün yalnız bir sevgi hekayəsi deyil, bütün həyatının yeni məcraya yönəlməsi deməkdir. Ruth onun üçün həm ilham, həm də məqsədə çevrilir. Onun dünyasına daxil olmaq, sevgisinə layiq olmaq üçün Martin bütün varlığını fəda edir. Əslində, Martin İdenin ən böyük gücü də buradadır: o özünə məqsəd qoyur və o məqsəd uğrunda bütün varlığını sərf edir. Oxuyur, öyrənir, yazır, çətinliklərə tab gətirir. O, artıq sadəcə bir insan deyil – öz ideallarının əsgəridir. Burada yazar göstərir ki, insanın iradəsi və özünü inkişaf arzusu onu inanılmaz zirvələrə apara bilər. Amma paradoks ondadır ki, bu zirvələr Martinin ruhunu xilas etmir. O yazıçı olur, şöhrət qazanır, əsərləri çap olunur. Amma bir gün anlayır ki, bütün bu uğurlar onun içindəki boşluğu doldura bilmir. Onun yüksəlişinin qaynağı olan sevgi artıq mövcud deyil. Əvvəllər ona ilham verən qadın indi onun ruhunda yalnız xəyal qırıqlığı yaradır. Martin Ruth üçün bütün varlığını xərclədi. Həyatının mərkəzinə özünü yox onu qoydu, onun üçün yaşadı və mübarizə apardı. Burada Cek London böyük bir həqiqəti göstərir: insanın motivasiyası xaricdən gəldikdə – sevgidən, özünü başqasına sübut etmək istəyindən və s. – o motivasiya mütləq tükənir. İnsan yalnız daxili bütövlüyünə söykənəndə dayanıqlı olur. Martin isə bütün varlığını Ruth-a bağlamışdı. Bu bağ qopanda isə onun içindəki sütunlar çökdü. O, hər şeyə sahib oldu, amma heç nəyə sahib olmadığını gördü. O, hər şeyə nail olmuşdu, amma onun üçün heç nəyin bir əhəmiyyəti qalmamışdı. Çünki o artıq ruhən ölü idi – yaşamaq onun üçün sadəcə iztirabın davamı idi. Bu, varlığın ən acı həqiqətidir: uğur, sevgi, pul, şan-şöhrət – hamısı bir gün mənasını itirə bilər. Əgər insanın iç dünyası boşdursa, bu qazanclar sadəcə “heçlik” üzərində qurulmuş binadır. Yalnız bir şeyə fokuslanmaq daxili dünyamızı zənginləşdirməyə mane olur. Ruhumuzu qoruduqda, kirlənməyə qoymadıqda və kiməsə ya nəyəsə təslim etmədikdə, ruhumuzu bütöv saxladıqda həqiqi dəyərə sahib oluruq. Əks halda, ən böyük zirvələr belə, sonda heçliyə çevrilir.
1000Kitap
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025135,3bin okunma
·
1 +1'leme
·
635 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Bu qədər pula və şöhrətə sahib olduqdan sonra həyatın axışını idarə etmək özü də böyük bir iradə gərəktirir. Martin bu mövzuda məncə iradəsiz idi. Hər şeyi lehinə çevirə bilərdi, o isə ipləri əlində saxlamağı bacarmadı təəssüf:(
Münasib Niftalıyev
Gönderi Sahibi
Doğru qeyd etmisiniz. Mən də düşünürəm ki, Martin Rufla birlikdə olmaq üçün qurduğu həyatın içində özünə yad idi. Aid olduğu yer geridə buraxdığı köhnə dünyası idi. Martin və Ruf əslində fərqli dünyaların adamları idilər. Yazar da göstərir ki, onunla eyni dünyadan olan, onu olduğu kimi sevən və hər şeyə rəğmən yanında qalacaq Lizzi vardı, bəlkə də onunla çox xoşbəxt həyatı olardı pulu olmasa belə – amma Martin bunu görə bilmədi. Ruf isə normal bir qız idi, sadəcə Martin öz beynində ona ideal insan donu geyindirib onu ilahi və möcüzəvi biri kimi qəbul etdi. Səhv də məhz buradan başladı. Çünki onun bütün motivasiyası Rufla olmaq idi. Yazmaq, şan-şöhrət və sərvət qazanmaq – bunlar Martinin varlığının öz daxili arzusu deyildi, yalnız sevdiyi qıza qovuşmaq üçün idi. Belə bir ilham və motivasiya isə sona qədər davam etmir, Martində olduğu kimi. Ayrıldı və o motivasiya tükəndi, sonra onun üçün artıq nə uğurun, nə də sərvətin bir dəyəri qaldı. İnsan kimisə sevəndə onu ideallaşdırıb sevməməlidir. Sevdiyin adam onsuzda hər kəsdən daha yaxşı və daha əziz olur. Amma Martinin sevdiyi Ruf real Rufdan tamam fərqli idi. Sadəcə beyninin məhsulu idi.
🫠 Çox təsirli olub sizin üçün. İnanmanızı istəyirəm ki, fikirləriniz də bizim üçün o qədər təsirli oldu.
Münasib Niftalıyev
Gönderi Sahibi
Səmimi sözləriniz üçün təşəkkür edirəm☺️