Bu kitabı endirimdə olduğu üçün aldığımı xatırlayıram; ilk diqqətimi çəkən elə adı oldu: "Run Gülüzar Run" - Forrest Gump filminə referans olunduğunu düşündüm və oxuduqca gördüm ki, həqiqətən də elədir.
Əsər 7 yaşında gündəlik tutmağa başlayan Gülüzarın gündəlik qayğılarından və ətrafında baş verənlərə yaranan fikirlərindən ibarətdir. Hər yaş dövrünə aid düşüncələri o qədər originaldır ki, insanı gülümsədir. Həmçinin, uşaqlara xas maraqlı və yumoristik perspektiv də pozitiv çalarlar qatır. Lakin Gülüzarın yaşı artıb yeniyetməliyə qədəm qoyduqca, "uşaq"lıqdan çıxdığını, artıq "qadın" olduğu üçün bir çox hüququndan məhrum olunduğunu görməyə başlayırıq. Gülüzar sevgisiz ailə quran, övladları üzərində təzyiq yaradan ailələrə üsyan edir. Nə oxumağa qoyurlar, nə də öz istədiyi insanla ailə qurmaq üçün seçim haqqı tanıyırlar. Hətta gündəlik yazmaq, kitab oxumaq belə cinayətə bərabər hesab olunur.
İyirmi birinci əsrdə yaşamağımıza baxmayaraq, haradasa qız uşaqlarının qanadları və arzuları qırılmağa davam edir. Qız övladı, bəzi cahil insanlar üçün bir fərd yox, alınıb-satılan bir maldan ibarətdir. Bu cür kitablar qəlbimi qırır, çünki qapalı qapıların arxasında nələr baş verdiyini heç birimiz bilmirik. Neçə-neçə Gülüzarın ümidli sətirlərlə dolu, yandırılmış, tapdalanmış gündəlikləri var, kim bilir. Qadınların əzildiyi, sıxışdırıldığı bir cəmiyyət, heç vaxt hüzurlu ola bilməz. Ümumiyyətlə, ailədə qadın xoşbəxtdirsə, bütün ailə üzvləri xoşbəxtdir - çünki o, öz xoşbəxtliyindən xəsislik etmir, hamıyla bölüşür.