Qəribsədim uzaqlarda,
Könlüm-gözüm səni andı.
Ayrıldığım nə müddətdi,
Bir əsrdi, yoxsa andı?..
PDF oxumağa səbri olmayan mən, Əli Kərimin şeirlərini oxumaq üçün bu çətinliyə də qatlandım. Məktəb və gənclik illərimin ən sevdiyim şairlərindən biri olub o. Şeirlərinin çoxunu oxuyanda elə bilirdim ki, misralar birbaşa mənə ünvanlanıb. Kitabxanaya hər gedişimdə onun şeirlərinin çap olunduğu jurnal, qəzet və ya kitab axtarır, tapdığımı böyük həvəslə oxuyurdum.
Ürəyim sən deyən çox cavan deyil,
Nə qədər dərdini daşıyıbdır o.
O qədər sürətlə vurub ki, sənsiz,
Bəlkə də lap yüz il yaşayıbdır o!
Aradan iyirmi ildən çox vaxt keçsə də, Əli Kərimin şeirlərini yenidən eyni həyəcan və eyni duyğularla oxudum. Bəzi misralar insanın yaddaşında elə iz qoyur ki, illər keçsə də öz təsirini itirmir.
Sənin baxışını yığdım gözümə,
O xoş ətrini də səpdim evimə.
Sözün də qapımın ağzında durdu,
O bir hasar oldu hər gələn qəmə.
Əli Kərimin şeirlərindən incəlik, zəriflik və səmimiyyət axır. O, özünəməxsus üslubu və təkrarsız poetik dünyası ilə Azərbaycan ədəbiyyatında seçilən şairlərdəndir.
Kədər başdan-başa sinəmi tutmuş,
Nəfəs almağa da yer saxlamamış.
Fəsillər astaca üstündən keçər,
Əriməz orada boranlı bir qış.
Onun şeirlərini oxumaq sanki insanı başqa bir aləmə aparır. Hər misrada sevgi, həsrət, kədər və ümid bir-birinə qarışır. Qəlb və könül şairi olan Əli Kərim oxucusuna səmimi duyğular bəxş edir. Buna görə də illər keçsə belə, onun şeirləri köhnəlmir, əksinə, hər oxunuşda yeni mənalar qazanır.
Şeir oxumaq sərin bulaqdan su içməyə bənzər. Qəlbinizi, ruhunuzu sərinləndirən misraların heç vaxt əskik olmaması diləyilə...