200-300 manat maaş alanların mebelǝ 8 min, 10 min verdiyini gördüm. Ən bahalı mebellər də onlara xoşbəxtlik gətirmədi. Soruşursan ki, niyə bu qədər israfçılıq eləyirsiz? Cavab verirlər ki, birdən ərim, qayınanam başıma qaxar, gözükölgəli olmayım. Söz tapa bilmirsən deməyə. Belə ailə həyatı qurarlarmı? Siyasi gedişlər nə vaxtdan ailə səadətinin qarantı olub? Belǝ başlayırsızsa, sonrası necə olacaq? Mən hələ mebelin adama xoşbəxtlik bəxş elədiyini eşitməmişəm. Mebellərin arasında "Stenka mebel" deyilən avadanlıq var. Tanka bərabər bir şeydi. Daşıyanda yaxın qohumların canı çıxır. Adətən, həmin mebelin içini müxtəlif xrustal, farfor qab-qacaqla doldururlar. Baxırsan ki, evin kişisi ömürböyu üstündə qurbağa şəkli olan "çaşka"da çay içib, amma orada rəngbərəng stəkan-nəlbəkilər göz oxşayır. Bilmək olmur ki, qadın o qabları ər evinə niyə gətirmişdi. Ölüb gedirlər, amma bir dəfə götürüb o stəkanlarda çay içmirlər.