Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı «başqaları nə deyərlər»dir. Onun yeganə ölçüsü – özünü mühafizə hissidir. Filankəs öz varidatını mühafizə etmişdirmi? Filan qadın öz təmizliyini saxlamışdırmı? Göründüyü kimi, ancaq tək-tək nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qabildirlər.
Özünüzü ucuz qiymətləndirin – o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin – o zaman sizə hörmət edəcəklər.
Həyatımızda baş verən xarici və daxili dəyişikliyin əhəmiyyəti bəzən bizə dərhal aydın olmur. Biz sarsılırıq, qorxuruq, sonra sanki yenə əvvəlki həyat tərzinə qayıdırıq, dəyişiklik isə artıq baş vermişdir. Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayacağıq.
Əgər siz meşə çiçəklərinin yüz dəfələrlə təkrar olunan gözəlliyini anlamış və qiymətləndirmişsəniz, əgər qızılgüllər, musiqi, qızaran dan yeri, qürub çağı sizin ürəyinizi bir an sevinclə döyünməyə məcbur etmişdirsə, əgər bütün bu gözəllik tez ötüb keçirsə və dünya əlinizdən çıxıb getməmiş sizə verilmişdirsə, siz ondan imtina edərsinizmi?