Cəsur olanda düşünməkdən də qorxmursan, xəyal qurmaqdan da, yorulmaqdan da - heç nədən! Çalış heç vaxt qorxma, çünki onda bilməməkdən də qorxursan. Bu isə lap qorxuludu.
- Burda nə axtarırsan? Nə üçün bura gəlirsən? Niyə gizlicə gəlirsən? - Gülcə soruşdu.
- Gizlincə gəlmirəm, tək gəlirəm, özümə, suallarıma cavab axtarıram, kiçik suallar, böyük suallar, ən çox da böyük suallar, belə başa düşürəm ki, böyük sualların cavabı tək axtarılır. Həm də cəsur olmalısan ki, sualların olsun.
***
Bəzən elə bir sualla qarşılaşırsan ki, nə sən əvvəlki sən olursan, nə də sənin həyatın əvvəlki həyat olur.
***
Dosta canını verməzdən əvvəl qanadını istə...
***
Sən güldürməyi xoşlayırsansa, o da gülməyi xoşlayırsa, sizinki gətirib. Biri danışmağı, biri dinləməyi xoşlayırsa, biri sevməyi, biri sevilməyi xoşlayırsa, biri o tayı, bir bu tayı xoşlayırsa, onlar həyatı dolu, qatbaqat yaşayırlar. Uyuşmazlıq şərtdir. Uyğunluq olmamalıdır. Biri aya, biri çaya baxmasa yaxşıdır. Ancaq bəzən baxsalar belə, fikirlər cisimləri ayrı salmamalıdır. Məni səndən heç nə ayrı salmasın. Məni səndən heç kim ayrı salmasın.
***
Uduzmaq geri çəkilməkdən yaxşıdı, ya qazanırsan, ya öyrənirsən.
***
Çalış tərəddüddən qaç, "gedim, getməyim?" dediyin yerə getmə, "yeyim, yeməyim?" dediyin şeyi yemə, "qalım, qalmayım?" dediyim yerdə qalma, "deyim, deməyim?" dediyin şeyi demə.