“Bu şəhərdə kimsə yoxdur, milyonlar arasında sən təksən” deyir ömrünün sonlarına çatmış bir qoca… Üzücüdür… Bir ömür bitirmisən, amma sənə görə səni anlayan, yanında olacaq, çiyninə söynəkib güc alacağın, yorulanda ağlayıb sarılacağın biri yoxdur. Bəs nədir buna səbəb ? İnsanlarmı? Ya bizmi? Bəzən o qədər sərt divarlar hörürük ki ətrafımıza pisdən qorunmaq istəyəndə yaxşını da itiririk. Sonra isə bu şəhərdə kimsə yoxdur deyirik. Bəhanələrə sığınıb özünü aldatmaq asandır. Çətin olan o divarları aşıb başqa bir həyatın var olduğuna inanıb daha yaxşı bir gələcək üçün çalışmaqdır. Villi həyatı boyu bunu edə bilməmişdi. Keçmişinə, həyatın ondan aldıqlarına bağlı qalıb, ona verilənləri görə bilmirdi. Düşünürdü ki, bu həyata gəlməyi elə ən böyük günahdı. Özünü sevməsən heç kimi sevə bilməzsən. Ata və ana sevgisindən məhrum qalmış Villidən nə gözləmək olardı ki? Sağalmamış uşaqlar sağlam olmayan ailə başçısı olur. Elə məsələ bu idi ki, Villi öz travmalarını ailəsinə yansıdıb xoşbəxt ola bilmirdi. Bəzən bir sözlə, bəzən bir baxışla, bəzən bir insanla həyatımız dəyişir. Villi bir gün Anderson xəstəxanasında Visam adlı ağciyər xərçəngi olan xəstəylə tanış olduqdan sonra onun həyatı tamamilə dəyişir. Öləcəyini bilərək yaşayan gənc ətrafındakı hər kəsin həyatına toxunur. Visamla dost olan, bir tək onu yaxınına buraxan Villi dünyaya başqa gözlə baxmağı ondan öyrənir…
Xoş mütaliələr.