Və bir kitabın daha sonuna gəldik.Müəllifdən oxuduğum ikinci kitab idi. Birinci kitab Rus ədəbiyyatından bəhs edirdisə bu kitabda biz bir-birindən fərqli həyat hekayələri olan 10 qadınla tanış oluruq.Düzdür,Ledi Diana və Frida Kahlo əvvəldən heyranı olduğum qadınlar idi,amma Pərvin Nurəliyevanın qələmi ilə onları daha çox sevdim,daha yaxşı anladım.Bu kitabı hər qadın,həmçinin qarşı cins oxumalıdır. Çox şey qazanacağınızdan əminəm.
Kitabların ön sözünü oxumağı qəti sevmirəm.Bu kitabda hər bölməni bitirdikdə Azərbaycan qadınına rast gəlməyə ümidləndim. Ön sözü oxuduqda isə hər şey aydın oldu.Kitabın davamı gələcək, "Bizim qadınlar" adlandırılacaq həmin o,ikinci hissə Azərbaycan qadınlarına həsr olunacaq. Səbrsizliklə gözləyirəm...
Pərvin Ələmdar qızı Nurəliyeva 1984-cü ildə Bakı şəhərində anadan olub. ADPU-nun Filologiya fakültəsinin bakalavr və magistr pillələrini əla qiymətlərlə bitirib. Daha sonra həmin universitetin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub. 2017-ci ildə Xalq yazıçısı Anarın nəsrini tədqiq edərək filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. Hal-hazırda ADPU-da “Ədəbiyyat” kafedrasının müəllimidir.
Pərvin Nurəliyeva yaradıcılığa kiçik hekayələr, esselərlə başlayıb. Ən müxtəlif mükafatlara layiq görülüb. Gənclər və İdman Nazirliyinin “İlin gənci”, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə”, Ədəbiyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin Avrasiya Yazarlar Birliyinin üzvüdür. “Qar yağacaq” və “Balerin”(türkcə), “Dlya Samira” (rusca) adlı nəsr kitablarının müəllifidir. Hekayələri rus, türk, latış və litva dillərinə tərcümə olunaraq müxtəlif xarici ölkə dərgilərdə yayımlanıb. Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən “Anar dünyası” kitabının müəllifidir. Türkiyənin Avrasiya Yazarlar Birliyinin “Kitabi Dədə Qorqud” pyes yarışmasında P. Nurəliyevanın “Aşar keçər Arazı” pyesi mükafata layiq görülüb.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mətbuat günü münasibəti ilə Fəxri Fərmana layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatın Təbliğatı Bürosunun və “Ədəbiyyatın dostları” klubunun rəhbəridir.