“Qisseyi-Yusif” (Yusif dastanı) hicri 609, miladi 1212-ci ildə tamamlanmışdır. Şərqdə “Yusif və Züleyxa” dastanı kimi məşhur olan bu mövzunu türk aləmində ilk dəfə Əli adlı şair qələmə almışdır. Yusif əhvalatı çoxdan bəri Şərq xalqları arasında yayılmışdısa da, müəllif onun məzmunundan öz amalı, dünyagörüşü, məqsədi və istəyinə görə faydalanmış, yaşarı bir əsər yaratmışdır. Poemanın baş qəhrəmanı mənəvi cəhətdən pak, yetkin və kamil insandır. Oxuculara təqdim olunan bu kitab dörd qədim əlyazması əsasında bərpa edilərək çapa hazırlanmışdır. Əsərin süjet xəttinin alındığı “Yusif surəsi” də müqayisə məqsədilə kitaba əlavə kimi daxil edilmişdir.