Nərmin Həsənli - "Xilaskar"
Bu kitabı 2025-ci ildə oxumağıma baxmayaraq, fikirlərimi paylaşmaq bu günə qismət imiş. Belə bir əsəri ərsəyə gətirdiyi üçün yazıçıya və bu kitabı mənə hədiyyə edən İlkinə təşəkkür edirəm.
Kitab Ayçiçək və Əsmər adlı iki gənc qızın köhnə fikirli ata, ana və nənənin təzyiqləri altında yaşadıqları çətinliklərlə başlayır. Bu iki bacı ailədə heç bir sevgi, xoş söz və valideyn qayğısı görmədən, ancaq əsəb və stres içində böyüyürlər. Qızların fikirlərinə zərrə qədər də hörmət edilməyən, tamamilə narsisist bir ailə mühiti var. Əsasən atanın dediklərinin mütləq olması, yoldaşından qorxan ananın susması və nənənin ortalığı daha da qızışdırması ilə böyüyən bu ailədaxili münaqişələr əsərin əsas mövzusunu təşkil edir. Bacılar isə bütün bu zülmün içində sadəcə mübarizə apararaq həyatda qalmağa çalışırlar.
Məncə, hər bir oxucu kitabda özündən nəsə tapa bilər. Baş obrazın keçirdiyi hisslərin bir çoxu hamımıza tanışdır. Yazıçı tək bir həyatla sanki bir neçə fərqli həyata eyni anda toxunmağı bacarıb. Bu kitab bir çox ailələrə nümunə ola bilər. Mövzu həqiqətən həssas və dərindir. Çünki 21-ci əsrdə yaşamağımıza rəğmən, gəncləri anlamayan, hər şeyin ancaq öz istədikləri kimi olmasını tələb edən bu tip köhnə fikirli ailələr hələ də var. Və təəssüf ki, real həyatda da baş obrazlarımız kimi neçə-neçə gənc belə təzyiqlərin qurbanı olur. Məhz bu reallığa görə mövzu – kitab özünə çəkir, hətta bir çox yetişkin insanda nifrət və əsəb oyadır. Yazıçı həqiqətən çox gözəl bir yerə toxunub.
Kitabın ilk 60-70 səhifəsi bəlkə də mövzuya giriş olduğu üçün mənə bir az sıxıcı gəldi. Amma həmin hissədən sonra hekayə birdən-birə elə bir yüksək tempə qalxır və elə sürət alır ki, sanki partlayış baş verir. Əsər oxucunu elə ağuşuna alır ki, kitabı əlindən yerə qoya bilmirsən.