Qara gözlər,
Ala gözlər,
Qonur gözlər...
Nə qədər sözlər
Deyilmiş mədhinə gözəl gözlərin,
Şairlər, indi də mənə söz verin.
Qorxuram gözlərin mən gözəlindən
Aman göz əlindən, dad göz əlindən!
Gözdən hansı qəlbə dağlar çəkilməz?
Gözün dediyini dil deyə bilməz.
Həm incə, həm dərin dili var gözün.
Sözünü ürəklər anlayar gözün.
Mələr, çıxmasa da ürəyin səsi,
Elə ki, havada gözlər öpüşür.
Eşqin də ilk odu, ilk şərarəsi
Əvvəlcə ürəyə gözlərdən düşür.
Gözləri mədh edən şeir də gerçək,
Gözün öz dilində yazılsm gərək,
Bu dil müəmmadır, bu dil çətindir,
Bu dillə dinəni bu dillə dindir.
Göydə dövrə vuran ulduzlara bax,
Yenə nur saçırlar bizlərdən uzaq.
Başımız üstündə o qızıl çətir,
Bizim arzumuzdan toxunmuş nədir?!
Durub bir-birindən uzaqda yanar,
Gah batar, gah da ki, sayrışar onlar.
Qəmli dursalar da, səmada titrək,
Onlar da birləşər bir vaxt bizim tək.
Qoy o vaxta kimi ömür uzansın,
Dövranın qanadı düşsün, dayansın.
Şirin bir həsrətin, xoş xatirənin
Qiyməti böyükdür, mənası dərin.
İnan, çatmasa da əlim əlinə,
Sənin yanındadır xəyalım yenə.