Və buna görə də özünün rəzil bir cani olduğunu bilir və qəlbinin bütün gücü ilə özünə nifrət edirdi. Özünə ona görə nifrət edirdi ki, hələ də təslim olmamışdı. Hər gün Allaha yalvarırdı ki, ona qüvvət versin, məhv olmaqdan xilas etsin.
bayırda, sonsuz səmada saysız-hesabsız ulduzların bərq vurduğu əbədi dünya onun üçün işıq saçırdı. Sərsəm bəşəriyyətin icad etdiyi işgəncənin nəfəsi belə bu dünyaya dəyməmişdi. O, göylərə baxdı və mömincəsinə inandı ki, insan üçün yer üzündə sevgidən başqa qanun yoxdur.
- Onlar nə üçün hakimiyyətdədirlər, nə üçün gücləri var? Çünki siz buna şərait yaratmısınız və nə qədər ki sizin kimi aciz qorxaqlar olacaq onların da gücü, hakimiyyəti olacaq. Bəşəriyyətin bədheybət adlandırdığı bütün bu hakimiyyətlər hər ölkədə cəmi-cümlətanı on adamın iradəsinə arxalanır və digər on nəfər də yenidən buna son qoya bilər. Bir adam, bir canlı adam buna etiraz etsə, bu hakimiyyət yerli-dibli məhv olar. Ancaq nə qədər ki siz ürkək dovşan kimi daldalanıb gözləyəcək və deyəcəksiniz ki, "bircə mənlə işləri olmasın" və nə qədər ki azadlığınıza barmaqarası baxacaqsınız, o qədər də nökər olacaqsınız.