Həyatımız bir sualdır və onun mənası bu suala cavab tapmaqdadır. Həyat suallarına cavab sözlərdə deyil, əməllərdədir, daha doğrusu, yaşamaqdadır, var olmaqdadır! Həyatımız haqqında sualın cavabı öz həyatımıza görə məsuliyyət daşımağımızdadır.
Yəqin ki, indi kimsə etiraz edəcək və belə deyəcək: "İntihar sağlam düşüncənin tam əksinə olan bir davranışdır. Amma hər bir insanın üzləşdiyi ölüm qarşısında həyat mənasızlaşmırmı? Ölüm lap əvvəldən bütün başlanğıcları mənasız göstərmirmi?" Gəlin suala sualla cavab verək: "Əgər biz ölməz olsaydıq, necə olardı?" Ölməz olsaydıq, hər şeyi, həqiqətən də, hər şeyi təxirə salardıq. Çünki o zaman müəyyən bir işi indi, sabah, bir il sonra, on il sonra və yaxud nə vaxtsa görəcəyimizin heç bir əhəmiyyəti olmazdı. Əgər üzərimizdə ölümün, sonun kölgəsi olmasaydı, imkanlarımızın hədd-hüdudu olmazdı və biz müəyyən bir işi indi görməyə lüzum görməzdik, deyərdik ki, vaxt var.