Kapitalist-istehlakçı etikası başqa cəhətdən də inqilabi əhəmiyyət daşıyır. Daha əvvəlki etik sistemlərin əksəriyyəti insanları çox çətin bir seçimlə üz-üzə qoyurdu. Doğrudur, insanlara cənnət vəd edilmişdi, amma bunun üçün səbirli və mərhəmətli olmaq, qəzəb və istəklərdən qurtulmaq, şəxsi mənfəətləri kənara qoymaq lazım idi. Bu da əksər insanlar üçün çətin məsələ idi. Etika tarixi - heç kəsin çata bilmədiyi gözəl ideallar haqqında kədərli bir hekayədir. Xristianların çoxu İsaya oxşaya bilmədi, buddistlərin əksəriyyəti Buddanın yolu ilə gedə bilmədi; Konfutsi öz tərəfdarlarının həyat tərzini görsəydi, bərk qəzəblənərdi.
Əksinə, bu gün insanların çoxu kapitalist-istehlakçı etikanın ideallarına uyğun yaşayır. Yeni etika bir şərtlə cənnət vəd edir: zənginlər tamahkar olaraq qalacaq və daha çox pul qazanmağa çalışacaqlar, kütlələr isə öz istəklərini yerinə yetirmək üçün daha çox alış-veriş edəcək. Bu, tarixdə ilk dindir ki, onun tərəfdarları bütün buyruğu yerinə yetirir. Bəs, bunun əvəzində cənnətə düşəcəyimizi haradan bilirik? Hə, bunu televizorda görmüşük.