Ancaq öncədən bilirsən ki, bu elmlərin həyatla bağlı suallara heç bir cavabı yoxdur. Bu elmlər həyatla bağlı suallara heç gözünün ucuyla da baxmır. Bu biliklər bizə deyir: “Sənin kim olduğun, niyə yaşadığınla bağlı suallara cavabımız yoxdur. Biz heç bununla məşğul da olmuruq. Ancaq işığın, kimyəvi birləşmələrin qanunlarını, orqanizmlərin inkişaf qanunlarını bilmək istəyirsənsə, cisimlər və onların formaları, say və həcmlə bağlı qanunları bilməyə, hətta öz ağlınla bağlə qanunları öyrənməyə can atırsansa, bütün bunlar aydın, dəqiq və dolğun cavablarımız var”.
Elmin həyatın suallarına cavab verməyə çalışan müxtəlif qollarına - fiziologiya, psixologiya, biologiya, sosiologiya kimi sahələrə üz tutduqda, düşüncənin müdhiş mislikliyini görürsən. Burada ölçüyə gəlməz qeyri-müəyyənlik hökm sürür.
Anladım ki, məkan və zaman sonsuzluğunda hər şeyin inkişaf edərək təkmilləşdiyini, mürəkkəbləşərək diferensiallaşdığını söyləmək heç nə demək deyil. Bütün bunlar mənasız sözlərdir, çünki sonsuzluqda nə mürəkkəb, nə sadə, nə ön, nə arxa, nə yaxşı, nə də pis var.
Ancaq mən meşədə azmış, azdığına görə başını itirmiş adama bənzəyirdim - yola çıxmaq üçün çırpınan, hər addımının onu daha da azdırdığını anlayan, amma çırpınmadan da dura bilməyəm adamın halına.