“Kiçik Qadınlar” əsəri dörd bacı Meg, Beth, Jo və Amy’nin həyatından bəhs edən, ailə dəyərlərini oxucuya çatdırab bir kitabdır. Hər bir bacının özünəməxsus xarakteri və dünyagörüşü var və bu, oxucuya müxtəlif həyat dərsləri qazandırır.
Kitabda ən çox diqqətimi çəkən məqam hər hadisədən bir nəticə çıxarmaları, qarşılaşdıqları çətinliklərdən dərs götürərək böyümələridir. Düşünürəm ki, bu kitab hər yaş kateqoriyasından olan oxucular üçün uyğun olub, hər kəs özünə yaxın bir obraz tapa bilər.
Şəxsən mənim ən çox sevdiyim obraz Jo oldu. Onun azad ruhu, güclü xarakteri və çətinliklər qarşısında sınmaması mənə çox təsir etdi. Jo nə qədər çətinlik yaşasa da, hər vəziyyəti ağılla idarə etməyi bacarır və heç vaxt mübarizədən vaz keçmir. Bəzi xüsusiyyətlərinə görə özümü ona yaxın hiss etdim.
Əsər yalnız bacıların həyatını deyil, eyni zamanda yaşadıqları dövrün ruhunu da əks etdirir. Qəzetlər, məktublar, teatr səhnəcikləri və gündəlik həyatın detalları oxucuya o dövrün atmosferini hiss etdirir. Atalarının müharibəyə getməsi, March ailəsinin maddi çətinliklərlə üzləşməsi isə hekayəni daha da maraqlı edir. Buna baxmayaraq, onların çətin şəraitdə belə başqalarına yardım etmələri, mərhəmət və paylaşma duyğusunu qoruyub saxlamaları əsərin ən təsirli tərəflərindən biridir.