Üsyan etmirdim, boyun da əymirdim, özümü dik tutmurdum, qorxmurdum, istəmirdim, sevmirdim heç kimi, tox deyildim, amma ac da deyildim. Susamadan su içirdim, istəmədən bir çox hərəkətlər edirdim, sevmədiyim insanlarla görüşürdüm, yuxu istəmirdim, hər canlı kimi ölmək istəmirdim. Əbədi yatmaq istəyirdim. Dəli olmaq istəmirdim, ağıllı olmaq heç istəmirdim. Ağıllı olanlar nə etmişdir ki, sonunda ölüm olan dünyada? Ən çox ağlını işlədən müdrik insanlar kimin yadındadır? Mən bilirəm, bu lənət olası dünyada heç kim heç nə ilə heç kimə yarana bilmir. Boşuna yorur insanlar özlərini, boşuna güvənirlər, boşuna dostluqlar qururlar, həyatları boyu boşuna çalışırlar..