Kitabı, optimist fikirlər oxuyaram düşüncəsi ilə almışdım. Önsözü oxuduğum zaman anladım ki, povest optimizmin təndiqi üzərində qurulub. Xüsusilə də, Leybnisin "kainatda baş verən hər şey yaxşılığa doğru baş verir, dünya özünün ola biləcəyi ən yaxşı vəziyyətindədir" fikrinin təkzib olunması və təndiqi kitabda çox sadə təhkiyə dili ilə işlənib. Fəlsəfi məzmunda olduğu üçün dili çətin və mürəkkəb olar deyə düşünürdüm. Amma hekayə tərzində yazılmış, eyni zamanda dərin bir əsər idi. Sadəcə bəzi obrazların öldüyünün zənn edilib sonradan yenə kitabın müəyyən bir hissəsində peyda olması absurd gəlirdi. Sanki onların başına gələn fəlakətlərdən danışılsın deyə təkrar-təkrar eyni xarakterləri qarşımıza çıxarırdı.
Bunlardan əlavə Volterin yaratdığı baş qəhraman vasitəsilə eyni zamanda öz yaşamında ona qarşı pisliklər edən, onu aldadan insanları tənqid etməsi, kitabda onlara başqa xarakter bəxş edib etdikləri bəd əməllərə toxunması xoşuma gəldi. Kandidin əsər boyunca həyata dair fəlsəfi görüşlərinin tez-tez dəyişməsi də maraqlı idi. Bunu da bir qəhrəmanın yolculuğu adlandıra bilərik. Çünki ilk başda Kandid sadəcə sarayda böyümüş, yalnız bolluq və xoşbəxtlik görmüş, müəllimi Panqlosun fikirləri ilə razılaşan bir uşaq idi. Zaman-zaman onun dünya ilə bağlı müsbət təsəvvürləri dağılır, yerini başqa düşüncələr alır.
Çıxardığım nəticə odur ki, dünyada mənfi və müsbət, xoşbəxtlik və bədbəxtlik, yaxşı və pis, sevinc və kədər daim bir-birilə yanaşı irəliləyir, birlikdə var olur. Birini digərindən ayırmaq və baş verən hər şeyin yaxşıya və ya pisə doğru getdiyini demək doğru olmazdı. Və ən əsası insan gərək boş dayanmasın, əməklə məşğul olsun. Bu onu həm darıxmaqdan, həm yoxsulluqdan, həm də lazımsız düşüncələrdən qurtarar.