Sevgi... Nədir axı sevgi? Səni dəli - divanə edən, övrətindən,balalarından soyudan bu əfi ilan nə rəngdədir? Ağdırmı,qaradırmı? Nə ölçüdə, nə biçimdədir? Böyükdürmü, kiçikdirmi? Nə dadda, nə tamdadır? Şirindirmi, acıdırmı? Sənmi bilirsən, mənmi bilirəm, sevgi nədir?
Zaman - səni sənin əzəlindən götürüb səni sənin sonuna aparan bir məfhummuş, demə. İbtidaidən aliyə doğru inkişaf zərurətdir. Və ibtidai ali ilə müqayisə olunmaz dərəcədə aşağıdadır. Ancaq ibtidailik - nə qədər bəyənilməyən olsa da , aliliyi gözləmək mərhələsidirsə, alilik - nə qədər bəyənilsə də, sonu - məhvi gözləmək mərhələsidir. Loru dildə desək, körpəlikdən ahıllığa doğru gedirsən, sonra isə ölümə...