(Qeyd: Spoyler!)
“Kitab yazmaq ikinci dərəcəli işdir. Mən faşizmə qarşı vuruşmağa gəlmişəm!” deyən yazıçının “1984” romanı (370 səhifə) amerikan dərgisi olan “Newsweek”in 2010-cı ildəki “Dünyanın on ən mühüm kitabı” siyahısında “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutmuşdur. Totalitarizmə hüdudsuz nifrətdən yoğrulmuş bu əsər əsl qiyam şərqisidir. Üç hissədən ibarət olan romanın birinci hissəsində yeni dünya nizamı, o nizama şüurlu bir şüursuzluqla boyun əymiş Uinston Smit və onun çirkab dolu həyatıyla rastlaşırıq. Yeni dünya nizamı belə qurulmuşdur: tək planet, tək planetin üç hakim dövləti olan Okeaniya, Avrasiya və İstasiya (Şərqi Asiya). Kitabda Avrasiya və İstasiyaya haqlı səbəbdən ötrü geniş yer verilməyib. Hadisələr büsbütün Okeaniyada, İngiltərə - Londonda cərəyan edir. Burada sistem necədirsə, digər iki imperialist ölkədəki “vəziyyət də buna bənzəyir” yox, birbaşa bununla ekvivalentlik təşkil edir. Amerika və İngiltərəni özündə birləşdirən Okeaniya istibdad ölkəsinin sistemində üç təbəqə mövcuddur: Xarici Partiya, Daxili Partiya və Partiya üçün “fəqir həqirlər” sayılan proletariat. Piramidal strukturun başında virtual lider “Böyük Qardaş” dayanır, hansı ki, o, iqtidar partiya “İngsos”un yaradıcısıdır (düzdü, Böyük Qardaşın təbiricə desək, İngsos yaradılmayıb, o həmişə var olub). Sonra əhalinin iki faizini təşkil edən ali təbəqə gəlir: Xarici Partiyanın üzvləri - dövlətin varlı və inzibatçı nümayəndələri. Onlarda həmişə ən yaxşı məişət, ən yaxşı geyim, yemək, xırdavat olur. Lakin buna baxmayaraq, onlar da daim nəzarət altında saxlanılır. Ümumiyyətlə, partiya üzvləri hər zaman (24 saat), hər yerdə teleekranlar tərəfindən izlənilir. Günümüzün kameralarının sənə, mənə göz qoyduğu kimi. Sadəcə kameralardan fərqli olaraq, teleekranlar səni izləməklə