Dağ başında qar üstünə qar gələr,
Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, ƏZİZİM...
Əzəl gündən dünya yalan dünyadı,
Baha satan, ucuz alan dünyadı,
Arzuları nakam qalan dünyadı,
Dağılanı düzmək olmur, ƏZİZİM...
Kaş ki, dünya zalımlığın ataydı,
Qəlbim bir an istəyinə çataydı.
Yaşamağım göz yaşımdı, haraydı...
Göz yaşında üzmək olmur, ƏZİZİM...
Dalğalara yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, ƏZİZİM...
Heç bilməzdim daşım belə ağırdı,
Bəxtim belə biçarədi, fağırdı,
Gedəcəyəm, göylər məni çağırdı.
Daha yerdə gəzmək olmur, ƏZİZİM...
Vahid Əziz
Dünyanın xoş üzündən də
Hərdən-hərdən qorxur adam.
Dostların sevgisindən də
Hərdən-hərdən qorxur adam.
Səksənir əsən küləkdən,
İyrənir açan çiçəkdən,
Öz başına sığal çəkən
Doğma əldən qorxur adam.
Ya gündüz olsun, ya gecə,
Özü də bilmir heç necə,
Elə durduğu yerdəcə
Qəfil birdən qorxur adam.