— Bəs siz nə üçün selbasarlıların heyvanlarını gətirmisiniz?
Eyvaz əmi gülümsəyib dedi:
— Ona görə ki, onlar da fürsət tapanda bizimkini aparırlar.
Mən təslim olmayıb dedim:
— Oğurluq da əvəzə əvəzdi?
Eyvaz əmi eyni təbəssümlə yanındakı kişilərə dedi:
— Görürsünüz... Əyyam uşağıdı də...
Sonra mənə cavab verib dedi:
— Peyğəmbər əvəzə əvəz deyib!
Mən yenə də əllaməlik eləyib dedim:
— Peyğəmbər, bəlkə, yaxşılıq barədə əvəzə əvəz deyib?
Mənə elə gəlirdi ki, bütün dünyada yalqızam. Ancaq mən özüm də bilmirdim ki, nə istəyirəm? Nə üçün özümü, hətta, deyib-gülən, şən adamların da yanında yalqız hiss eləyirəm? Elə bil ki, üzlərinə baxdığım, söhbətlərinə qulaq asdığım adamlar məni görmürdülər. Hətta, bəzən mənə elə gəlirdi ki, anam özü də məndən xəbərsizdir, əlbəttə, mən bu xəbərsizliyin nədən ibarət olduğuna cavab verə bilməzdim, mən ancaq bunu hiss edirdim və bu hiss mənim daxilimdə həmişə mənimlə olan bir kədər idi.