Pavese heç vaxt bu sətirlərin çap olunacağını düşünməyib. O, sadəcə özüylə danışır, öz ağrısını, öz çaşqınlığını kağıza tökür. Və ən pisi odur ki, mən bu sətirləri oxuyarkən artıq onun sonunu bilirəm – 1950-ci ildə, bu gündəliyi bitirəndən az sonra o, özünə qəsd edəcək. Yəni mən əlimdə tutduğum bu kitabda, sanki bir insanın ölüm hökmünü öz əliylə yazdığı gizli bir etirafnaməni oxuyuram. Bu, insanı çox qəribə bir hala salır.
Mənə elə gəlir ki, Pavese üçün “yaşama uğraşı” ifadəsi məhz bir “zanaət”dir, “məşğuliyyət”dir. O, yaşamağı sanki bir peşə kimi görür: səhər durub işə getmək kimi, nəfəs almağı, sevməyi, yazmağı bir əmək kimi qəbul edir. Amma burada faciəvi bir ziddiyyət var – o, bu peşəni sevmir, buna qabiliyyəti olmadığını düşünür, amma yenə də hər gün durub o işi görməyə çalışır. Düşünürəm ki, məhz bu ziddiyyət onu yazmağa məcbur edir. Əgər həqiqətən yaşamağı bacarsaydı, bu gündəliklər heç vaxt olmazdı.
Kitab boyu onu iki şeyin arasında parçalandığını görürəm: bir tərəfdə intihar düşüncəsi, o biri tərəfdə isə duyğulara, təbiətə, yazmağa olan bağlılığı. O, dağlara, tənhalığa, kənd həyatına vurğundur, amma şəhərdə, insanların arasında boğulur. Sevgi məsələsinə gəldikdə isə, məncə Pavese öz xoşbəxtliyinin ən böyük düşmənidir. O, qadınları elə bir ideala çevirir ki, heç bir canlı insan bu ideala çata bilməz. O, sevgini bir “məsələ” kimi həll etməyə çalışır, amma sevgi həll olunacaq bir tənlik deyil. Və bu uyğunsuzluq onu hər dəfə daha da kədərləndirir.
Ən çox onun özünə qarşı olan amansız dürüstlüyünə heyran qalıram. Pavese heç vaxt özünü yaxşı göstərməyə çalışmır. O, qorxaqlığını, eqoizmini, acizliyini çılpaq şəkildə ortaya qoyur. Elə bil deyir: “Baxın, mən bu qədər zəifəm, bu qədər səhv edirəm, amma bəlkə də bu zəifliklərimi yazmaq mənim yeganə qurtuluşumdur”.