Baş Polis İdarəsinə üç dəfə yolum düşüb, heç birində güldən ağır söz deyən olmayıb. Yəqin ki, buna lüzum görməyiblər.
Bu "səfər"lərdə ən unikal, yaddaqalan personaj buraxılış məntəqəsinə bitişik balaca gözləmə zalındakı şüşənin arxasında oturan, gözlərinin altı bir balaca şişmiş, tösmərək, qaraşın polis əməkdaşı idi.
Sir-sifətdən "kopya" aparıcı Elgizə oxşayırdı. Bəlkə də, heç oxşamırdı, amma niyəsə ona çox oxşadırdım. Poqonunda da üç xətt vardı. Tiktokda video izləyə-izləyə arabir boşqabdakı peraşkilərin birini ağzına aparır, iki-üç dişləmə içəri ötürürdü. Özü də hələ də yadımdadır, peraşkini yağlı, toppuş barmaqları ilə qatlayıb ağzına aparır, zorla içəri tıxır, sonra da əlinin yağını silmədən növbəti videoya sürüşdürürdü. Qalın qaşlarının altındakı xırda gözlər çox nadir hallarda zalda gözləyənlərə zillənirdi.
Hər dəfə mənə elə gəlirdi ki, onun burada yeganə işi-gücü peraşki yeməkdir. Maaşını da yediyi peraşkilərin sayına görə alır. Bir gün normadan az peraşki yesə, maaşını kəsə, ümumiyyətlə, yeməsə, işdən qova bilərlər.
Bəlkə də, indilərdə də peraşki yeməklə məşğuldur. Haçansa yolum yenə oradan düşsə, əminəm ki, onu həminki qaydada, kök, gödək barmaqları ilə yağlı peraşkiləri balaca ağzından içəri soxuşduran görərəm.
Görməsəm, yəqin ki, həqiqətən də, haçansa normadan az peraşki yeyib və buna görə işdən qovublar.