"Budur, sürüşkən meşə cığırları boyu gəzişərək - oktyabrın sonu idi, iynəyarpaqlıların altında və xəndəklər boyu hər yerdə göbələklər gözə dəyirdi - ailə qurmağının bütün kədərli tarixçəsini yadına salırdı. Bu tarixçə sadə və olduqca adi idi İndi anlamağa başlamışdı ki, arvadı adi maraqdan və emalat xanadakı ağır, üzücü, azmaaşlı işindən qurtulmaq arzusu ilə ona ərə gəlmişdi. Lakin onun mühitində olan qadınların əksəriyyəti kimi o da dar düşüncəli olub anlamırdı ki, ərinə işlərində kömək etməyə borcludur. Qadın isə əyləncə hərisi, uzunçu, ünsiyyətcil, qonaqpərvər idi və ərdə olmağın onu yoxsulluq əzabından qurtarmadığını anlayarkən açıq - aydın məyus olmuşdu... Ərinin qayğıları onu qıcıqlandırırdı, ən adi iradın müqabilində bildirirdi ki, o, daim deyinir. Niyə o, əvvəlki kimi gülərüz ola bilmir ? Kums isə "Özün özünə kömək et" kitabı ilə böyümüş, qənaət və rəqiblərlə mübarizə yolu ilə qazanılmış "firavanlıq" haqqında adi bir istəyə ümid bəsləyən itaətkar adam idi. Sonra Cenni peyda oldu - qadın simasında bu Mefistofel vurğunları barədə öz əbədi cəfəngiyyatları ilə arvadını dartıb teatrlara və "bu cür digər bütün yerlərə" aparmağa başladı. Üstəlik, arvadının xalaları, əmioğlanları və əmi qızları vardı ki, hamısı onun var - dövlətini tıxır, özünü təhqir edir, işlərində ona mane olub ən yaxşı müştərilərini bezdirirdilər və ümumiyyətlə, fürsət düşən kimi həyatını zəhərləyirdilər. Artıq birinci dəfə deyildi ki, hansısa qeyri - müəyyən qorxu qarışıq qəzəb və böyük narazılıq mister Kumsu evdən qovurdu; o, sürətlə evdən uzaqlaşır, qəzəblə ucadan and içirdi ki, daha buna dözməyəcək və öz çılğınlığını bu şəkildə tədricən boş yerə xərcləyirdi."