Nəzərli Xaqani Fikrət oğlu (Xaqani Əmini) 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.
1993-cü ildə Sumqayıt şəhər 17 saylı orta məktəbi bitirmişdir.
“Vahid” poeziya evinin üzvüdür.
Qəzəlxan-şair Xaqani Əmininin “Sən gedən gündən...” adlı kitabı işıq üzü görmüş ilk kitabıdır.
Həsrətindən, sevgilim, könlüm necə qan olmasın?
Hansı bülbüldür gülün eşqində nalan olmasın?
Aləmi naləmlə dərdimdən xəbərdar etmədim,
İstədim səndən gələn bir dərdə dərman olmasın.
Ayrılıq dərdi ölümdən də betərdir aşiqə,
Ey könül, heç bir zaman bəxtində hicran olmasın.
Hər kimi sevdim vəfasız çıxdı bəxtimdən mənim,
Bir də, ya rəb, eşqdə könlüm peşiman olmasın.
Ayrılıq sanki əzəl gündən yazılmış bəxtimə,
Bir gün olmaz ki, nəsibim ahü əfğan olmasın.
Can verən aşiqlərə, Xaqani, canan eşqidir,
Aşiqə məqsəd ki, canan olmadı, can olmasın !