— Narahat etmədim ki, Qanbay müəllim?
Qasımlıya görə, insanlar arasında münasibətdə bu sual qədər mənasız, yersiz ikinci bir sual ola bilməzdi. Xüsusilə də, əgər bu sual mədəni bir adama verilibsə, lap qıcıqlandırıcı təsir bağışlayırdı. Axı qarşısındakı adam sənin gəlişindən, ya telefon zəngindən narahat olsa da, sənə "narahat etdin" cavabını verməyəcək! Çox yaxşı bilirsən ki, narahat olduğu halda da "yox əşi, o nə sözdür" deyəcək. Və əgər belədirsə, bəs onda nə üçün bu sualı verirsən?