Təxminən 1 ilə yaxındır ki, elektron kitabxanamda mövcud olan bu kitabı oxuyub bitirdiyim üçün çox məmnun və məyusam, çünki boş-boşuna 1 il itirmişəm.
Ümumi mənada qeyd etsək, ilk növbədə, kitab ideologiya anlayışının tarixini bizə təqdim edir. Daha sonra bu anlayışın kim tərəfindən və necə cəmiyyət daxilində yayıldığını analiz etməyə çalışır. Müasir dövrdə ideologiya birbaşa siyasi mənada istifadə olunan anlayış olsa belə, Şerif Mardin bunun belə olmadığını cari kitab vasitəsilə sübut edir. İdeologiyanın yayılmasında başlıca subyekt ziyalı, başlıca obyektlər isə kitab, qəzet, radio, televiziya və s. olduğunu qeyd edir. Lakin burada Şerif Mardinin istər Mannheimdən, istərsə də Dilteydən istinad edərək izah etdiyi çox gözəl bir məqam var. Şerif Mardin qeyd edir ki, təbiət elmlərini müəyyən dərəcəyə qədər universallığını qəbul edib, buna uyğun tədqiqat apara bilərik, lakin sosial elmlərdə bu yanaşmanın nəticəsi heç də doğru olmaya bilər. Misal üçün, Pakistanda olan sinfi mübarizəni dəyərləndirərkən, Fransaya müraciət edə bilmərik, çünki həmin siniflərin öz daxili mobilliyi, dinamikliyi və problematikası mövcuddur. Bu baxımdan, sosial elmlər daxilində hər bir tədqiqat lokal və tarixi yanaşmaya əsaslanmalıdır. İdeologiya isə məhz bu reallığa lokal və tarixi çərçivədə yanaşdıqda açıq-aydın qarşımıza çıxacaqdır.
Bu il ərzində oxuyub ən bəyəndiyim kitablardan biri oldu. Yerin nurla dolsun böyük sosioloq.