ANTONİ BÖRCES – MEXANİKİ PORTAĞAL
Əsəri oxuyanda ilk sarsıdıcı an, məncə, 1-ci hissənin sonuncu cüməsi idi - ‘‘Özü də hələ on beş yaşım var idi’’. Doğrudur, bu cümləyə gələnədək olduqca iyrənc, ürəkbulandırıcı dərəcədə hadisələrə şahidlik edirik, amma bu yaramazlıqların 15 yaşında birinin əsəri olması daha qorxuducudur. Bəzən insanları tərbiyə etmək, fikirlərini dəyişdirməklə bağlı ağlabatan çıxışların şahidi oluruq. A.Börces əsərində bunun təsirinin müvəqqəti olduğunu, insanın öz iradəsi ilə, zamanla dəyişdiyini göstərir. Ümumilikdə əsər çox aydın və təsirli dillə yazılıb. Tək məyus olduğum məqam sonluq idi. Mənim üçün əsərin sonu əvvəlindən daha önəmlidir. Lakin bu əsərdə hər səhifəni maraqla oxusam da sonluq məni həyəcanlandırmadı. Onu da qeyd edim ki, əsərlə əlaqəli film də çəkilib. Stanley Kubrickin rejissorluğu ilə çəkilən filmdə izləyicini narahat edən məqamlar var. Çəkilişlər reallıqdan fantastikaya yönəlib və zorakılıq dolu təsvirlər çoxdur. əslində, hadisələr Aleksin dilindən danışıldığı üçün görüntüdə zorakılığa üstünlük verilməsi normaldır, amma məni narahat etdiyi üçün ötəri baxdım. Əsas diqqətim sonluğunda idi - filmin sonu yarımçıq bitir. Aleks haqqında kitabda başqa, filmdə tamamilə başqa fikir formalaşdırılır. Belə ki, əsərdə Aleks doğru yolu tapsa da, filmdə o pis oğlan olaraq qalır. Bunun çox maraqlı səbəbi var – kitabın əvvəlində də bildirilir ki, yazar kitabı çap üçün təqdim edəndə nəşriyyatçı son fəsli silir və film də məhz o ilk nəşrlərə əsaslanaraq çəkilib.